AnalitikaGündəmSiyasət

Azərbaycan yeni rəqəmsal inkişaf mərhələsinə qədəm qoydu

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə dövlət başçısı rəqəmsal inkişafın ölkənin gələcək tərəqqisi üçün strateji prioritet olduğunu vurğulayaraq bu istiqamətdə kompleks və koordinasiyalı fəaliyyətin vacibliyini bildirib.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, dünyada gedən əsas trendlər – süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və genişmiqyaslı rəqəmsallaşma prosesləri – ölkələrin gələcək inkişaf modelini müəyyən edir. Bu baxımdan Azərbaycan da rəqəmsal transformasiyanı əsas prioritetlər sırasına daxil etməlidir. Artıq bu istiqamətdə müəyyən işlər görülsə də, qarşıdakı dövrdə daha sistemli və vahid yanaşmaya ehtiyac var.

Dövlət başçısı Azərbaycanın mövcud üstünlüklərini xüsusi qeyd edib. Ölkənin neft-qaz və nəqliyyat sahəsində qazandığı beynəlxalq təcrübə, transmilli şirkətlərlə qurulmuş əlaqələr və uğurla icra edilmiş irimiqyaslı infrastruktur layihələri rəqəmsal sahədə də mühüm baza rolunu oynaya bilər. Azərbaycan coğrafi mövqeyini düzgün dəyərləndirərək Asiya ilə Avropa arasında strateji körpüyə çevrilib. Mövcud nəqliyyat və enerji dəhlizlərinin gələcəkdə fiber-optik dəhlizlərə transformasiyası rəqəmsal bağlantı imkanlarını daha da genişləndirəcək.

Enerji potensialı da rəqəmsal inkişaf üçün mühüm amildir. Son 20 ildə Azərbaycanın generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatıb. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən enerji gücünün mövcudluğu data mərkəzlərinin və süni intellekt infrastrukturunun yaradılması üçün əlverişli şərait yaradır. Eyni zamanda, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi və yaşıl enerji ixracı planları ölkənin enerji dayanıqlığını daha da gücləndirəcək.

Fiber-optik infrastrukturun genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Xəzər dənizinin şərq sahilləri ilə Azərbaycanı birləşdirəcək kabel layihəsinin icrası davam edir və bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bu isə ölkənin həm Şərq, həm də Qərb istiqamətində rəqəmsal bağlantı imkanlarını artıracaq.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsinin də mühüm üstünlük olduğunu qeyd edib. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv 10 ölkə ilə mövcud strateji sənədlər və Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq ölkənin qlobal güc mərkəzləri ilə balanslı əməkdaşlıq imkanlarını genişləndirir. Xüsusilə rəqəmsallaşma və süni intellekt sahəsində aparıcı şirkətlərlə təmasların qurulması və qlobal maliyyə fondlarının investisiyalarının cəlb olunması yeni perspektivlər açır.

Müşavirədə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi xüsusi tapşırıq kimi müəyyənləşdirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qısa müddətdə vahid tədbirlər planı hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Həmçinin hər bir dövlət qurumunda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyən edilməsi zərurəti vurğulanıb. Dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdə təqdim olunması əsas hədəflərdən biri kimi göstərilib.

Kadr hazırlığı məsələsi də prioritet istiqamət kimi qeyd olunub. Ali təhsil müəssisələrində və xaricdə təhsil proqramlarında rəqəmsal ixtisaslara daha çox diqqət ayrılması, eləcə də orta məktəblərdə ilkin rəqəmsal biliklərin gücləndirilməsi zəruri hesab edilir. Süni intellektin dövlət idarəçiliyində tətbiqi, qərarvermə prosesində rəqəmsal alətlərin istifadəsi və özəl sektor üçün təşviq mexanizmlərinin hazırlanması da əsas məqsədlər sırasındadır.

Kibertəhlükəsizlik məsələsi xüsusi vurğulanaraq qeyd olunub ki, ötən il baş vermiş kiberhücumlar bu sahənin nə qədər həssas olduğunu göstərir. Mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin gücləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ölkənin uzunmüddətli və dayanıqlı inkişaf strategiyasının əsas sütunlarından biri kimi müəyyən edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanacaq vahid fəaliyyət planı Azərbaycanın rəqəmsal transformasiyasına güclü təkan verəcək və ölkəni regionda innovasiya və texnologiya mərkəzlərindən birinə çevirmək məqsədinə xidmət edəcək.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button