Azərbaycanda ordu quruculuğu yeni mərhələyə yüksəlib

Müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğudur. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açmışdır. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcəkdir. Eyni zamanda, ölkəmizin döyüş təyyarələri modernləşdirilib, yüzdən çox isə hərbi və hərbi-nəqliyyat vertolyotumuz vardır. Bu da bizim böyük potensialımızdır. 2020-ci ildə düşməni məğlub etməyimiz bizə arxayınlaşmağa əsas vermir. Ona görə 2021-ci ilin dövlət büdcəsi təsdiq olunan zaman hərbi xərclərin miqdarı 2020-ci ildəkindən daha artıq nəzərdə tutuldu: “Dövlətin özünün təhlükəsizliyinin təmini məqsədilə tədbirlər görülməsi üçün 2021-ci ilin dövlət büdcəsində hərbi xərclərə kifayət qədər üstünlük verdik. Ordumuzun müharibədə istifadə etdiyi, sıradan çıxmış hərbi texnika və sursatların yenisi ilə əvəzlənməsi ilə kifayətlənmək olmaz. Müasir dövrlə ayaqlaşmaq, modern silahlanma tempinə uyğun hərəkət etmək lazımdır. Ali Baş Komandan bu sahəyə həmişə diqqət yetirir. Prezident İlham Əliyev 2021-ci ilin sonlarındakı çıxışında bunu xüsusi qeyd etdi ki, biz bu il ərzində hərbi məqsədlər üçün bir çox silah istehsalçıları ilə yeni müqavilələr bağlamışıq, ordumuzu gücləndirmək üçün xeyli sayda daha müasir silahlar almışıq. Eyni zamanda Müdafiə Nazirliyi sistemində struktur dəyişikliyi, islahatlar baş verdi. Bir neçə yerdə, xüsusilə Ermənistanla sərhəd bölgələrimizdə yeni sərhəd zastavaları, hərbi hissələr yaratdıq. Onların təminatı çox vacib idi. 2021-ci ilin büdcəsində hərbi məqsədlər üçün nəzərdə tutulan vəsait bizim köməyimizə gəldi və bu işləri edə bildik. Təxminən bir ay əvvəl Hadrut qəsəbəsində komando tipli hərbi hissənin açılışı oldu ki, bu da xeyli vəsait sərf edən məsələ idi. Bunların hamısının icrası üçün bizim kifayət qədər ehtiyat vəsaitimiz var idi. Bu da Prezident İlham Əliyevin uzaqgörən tədbirlərinin nəticəsi idi”. Azərbaycan hərbi gücünün artmasına Prezident, Ali Baş Komandan İlham Əliyevin əzmkar fəaliyyəti, bu sahədə yürütdüyü qətiyyətli siyasəti nəticəsində nail olub. Hərbi quruculuğu prioritet istiqamət sayan dövlət başçısının bu sahənin inkişafına böyük əhəmiyyət verməsi, dünya hərb sahəsindəki bütün yeniliklərin Azərbaycana gətirilməsi üçün göstərdiyi səylər ordumuzun güclənməsinə, ölkəmizin müdafiə qabiliyyətinin artmasına təkan verir. Vətən müharibəsi Zəfəri ordu quruculuğunu yeni mərhələyə yüksəldib. Bütün bunlar Azərbaycanın qarşıdakı illərdə daha da güclənməsinə, onun qüdrətli ölkəyə çevrilməsinə imkan yaradır.
Fərmin Quliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi