Azərbaycanı tərəqqiyə aparan islahatlar ardıcıl və davamlıdır

“İslahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır. Bu şöbələrin yaradılması, eyni zamanda, dediyim sözləri bir daha təsdiqləyir, bizim niyyətimizi təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr islahatları aparılmışdır, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq.” Bu sitat cənab prezidentin 10 mart 2020-ci il altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası zamanı olan çıxışındandır. İdarəetmədə zəngin biliyi və böyük təcrübəsi olan ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi. Təsadüfi deyil ki, bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir.
Hər birimizə məlumdur ki, ölkə başçısının məmurlarda görmək istədiyi xüsusiyyətlər, dürüstlük, şəffaflıq və ədalətdir. Ümumiyyətlə hər bir kəs bu xüsusiyyətləri özündə daşımalı və vətənpərvərliyi, təvazökarlığı, məsuliyyəti, vicdanlı olmağı gördüyü işdə əks etdirməlidir. Bunu həm cəmiyyətə fayda vermək həm də ölkənin inkişafında az da olsa rola malik olmaq üçün etməlidir. Xüsusilə dövlət məmurlarında bu cəhətlər daha üstün olmalıdır. Amma təəssüf ki, bəzi məmurlar vəzifəsini yerinə yetirməkdən boyun qaçırır, hansısa əyri yollarla əlavə mənfəət əldə etməyə çalışır, özlərini xalqın ağası kimi aparırlar. Belə məmurlar onlara göstərilən yüksək etimadı doğrultmur, korrupsiya və rüşvətxorluğa əl atırlar. Xalqın malına göz dikən bu şəxslər vətəndaşların problemlərinə etinasız yanaşmaqla və ya dövlətin maraqlarını özlərinin maddi mənafelərinə qurban verməklə əqidəsizlik nümayiş etdirirlər. Şübhəsiz ki, ölkənin milli maraqlarına zərbə vurmaq niyyəti güdən bu məmurların qanqaraldıcı hərəkətləri dövlət başçısının da uğurlu siyasətinə kölgədir.
Yeri gəlmişkən, korrupsiya, rüşvətxorluq, məmurların pulla ələ alınması hər bir cəmiyyətin çox böyük problemidir. Sirr deyil ki, belə mənfi təzahürlərin olduğu ölkələrdə inkişafla bağlı ciddi problemlər yaşanır. Bu baxımdan Azərbaycan dövlətinin korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli siyasi iradə nümayiş etdirməsi təqdirəlayiqdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu tələblərdən biri məhz ölkəmizdə korrupsiya və rüşvətxorluq kimi neqativ hallara qarşı mübarizənin daha da sərtləşdirilməsi ilə bağlıdır.
Mais Günəşli,
YAP-ın gənc fəalı