AnalitikaGündəmSiyasət

Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir

Cənub-Şərqi Asiyanın ən dinamik inkişaf edən ölkələrindən biri olan Vyetnam Azərbaycanla münasibətlərinin inkişafına xüsusi diqqət yetirir. Elə Azərbaycan üçün də bu ölkə ilə qarşılıqlı əlaqələrin ən müxtəlif sferalarda dərinləşdirilməsi əsas maraq dairəsində yer alır. Ölkələrimiz Avrasiyada tranzit daşımalar və logistika baxımından önəmli rola malikdirlər. Qarşılıqlı əlaqələrin inkişafı isə bu kontekstdə də tərəflər üçün əlavə üstünlüklər yaradır.

Dövlətimizin başçısının xarici telekanallara, informasiya agentliklərinə verdiyi müsahibələri, beynəlxalq tədbirlərdə nitq və çıxışları dövlətimizin xarici siyasət kursu ilə bağlı mühüm mesajlarla yadda qalır. Bu baxımdan Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi də iki ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi diqqət çəkir. Proseslərin gedişi ölkələrimiz arasında qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanmaqda olduğunu göstərir. Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı bildirib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur: “Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir”.

Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində diqqəti 2014-cü ildə Vyetnama dövlət səfərinə və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana  rəsmi səfərinə yönəldərək vurğuladı ki,  atılan bu addımlar, qarşılıqlı səfərlər iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.

Prezident İlham Əliyev müsahibəsində  bildirdi ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon  dollar olub. Sözsüz ki,  bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur. Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır. Çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar.

Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqama da xüsusi diqqət yönəltdi ki, sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş olub, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə ediblər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi. Vyetnam liderinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müsahibədə söylədiyi kimi bu səfəri Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar və münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə artıq reallaşan dövlət səfəri münasibətlərimizin inkişafına böyük töhfə olacaq. Bu səfər onun Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində ilk səfəridir. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə bağlı səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açacaq bu səfər  böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə səfəri  Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Prezident İlham Əliyev müsahibəsində onu da qeyd etdi ki, səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək.

Hidayət Səmədov,
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button