
Müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. Bu baxımdan, 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüm nöqtələrindən biridir. 20 sentyabr 2025-ci il tarixində isə ölkəmiz bu günü ilk dəfə rəsmi olaraq qeyd edir.
Suverenlik dövlətin əsas atributu hesab edilir. Beynəlxalq hüquq normalarına görə, suveren dövlət — ərazisi müəyyən olunmuş, daimi əhalisi olan, ali hakimiyyətə malik və digər dövlətlərlə bərabərhüquqlu münasibətlər qura bilən müstəqil siyasi qurum deməkdir.
Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. Xüsusən də, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, bir milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, şəhər və kəndlərimizin dağıdılması, Xocalı soyqırımı kimi insanlığa qarşı cinayətlər Azərbaycan xalqının iradəsini sınağa çəkdi. Lakin bütün bu faciələrə baxmayaraq, Azərbaycan suveren dövlət olaraq mövcudluğunu qorudu və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini davam etdirdi.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın etdi. Müharibə nəticəsində Azərbaycanın tarixi torpaqlarını işğaldan azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə diplomatik-siyasi vasitələrlə, bir güllə atılmadan geri qaytarıldı. Bu qələbə Azərbaycan xalqının illərlə gözlədiyi ədalətin bərpası, həm də beynəlxalq hüququn real həyatda təmin olunması idi.
II Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın dövlət suverenliyini daha da gücləndirdi və müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü il 23 aprel tarixində Azərbaycan hökuməti mühüm addım ataraq Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım ölkəmizin suveren hakimiyyətinin bərpasında strateji mərhələ oldu.
Azərbaycan Ordusu 2023-cü ilin 19 sentyabrında Qarabağ iqtisadi rayonunda separatçıların təxribatlarına cavab olaraq lokal antiterror əməliyyatı keçirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan çıxarıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qondarma qurum özünü buraxdığını elan etdi. Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olundu. Bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələ oldu.
2024-cü il 19 sentyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunmağa başladı. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun xatırladılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm platformadır. 20 sentyabr — Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi