Azərbaycanın dövlətçilik tarixinin böyük bir hissəsi Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir.Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Ulu öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir.
Dünyada nüfuzlu siyasi xadim kimi tanınmış Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərlərindən biri olmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdi. Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “…həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.Ölkənin hərbi qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil ölkənin dövlətçiliyi üçün təminata deyil, təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə Azərbaycanda qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə aparmış, dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü silahlı qüvvələrin yaradılmasına nail olmuşdur.
Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı – cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu innovativ inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı