AnalitikaGündəmSəhiyyə

Azərbaycanın yəhudi icmasına göstərdiyi münasibət İsrail ilə humanitar əməkdaşlığa müsbət təsir göstərmişdir

Azərbaycan Respublikasının müstəqillikdən sonra formalaşdırdığı çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu çərçivəsində Türkiyə və İsrail ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu iki dövlət müxtəlif sahələrdə Azərbaycanın əsas tərəfdaşları sırasındadır.

Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, onun həm coğrafi, həm də geosiyasi statusu ilə müəyyən olunur. Müasir dövrdə ölkənin xarici siyasətində strateji tərəfdaşlıq anlayışı getdikcə daha çox aktuallaşır. Bu baxımdan Türkiyə və İsrail ilə qurulmuş münasibətlər təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional təhlükəsizlik, enerji siyasəti və texnoloji inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan-Türkiyə münasibətləri etnik, dil və mədəni yaxınlıq üzərində qurulmuşdur. Türkiyə 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmuşdur və bu addım münasibətlərin gələcək inkişafının əsasını qoymuşdur. İkitərəfli münasibətlər 2010-cu illərdən etibarən daha da dərinləşmiş, 2021-ci ildə Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Bəyannamə” ilə yeni mərhələyə qədəm qoymuşdur.

Hərbi əməkdaşlıq, birgə təlimlər, silah və texnologiya mübadiləsi, həmçinin enerji layihələri (TANAP, BTC və s.) iki ölkə arasında strateji qarşılıqlı asılılıq modelini formalaşdırır. 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin siyasi və diplomatik dəstəyi bu münasibətlərin real təzahürüdür.

İsrail dövləti ilə Azərbaycan arasındakı münasibətlər daha çox praqmatik zəmində inkişaf etmişdir. 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından sonra bu münasibətlər tədricən enerji, təhlükəsizlik, texnologiya və kənd təsərrüfatı sahələrində dərinləşmişdir. İsrail Azərbaycanın neftinin əsas alıcılarından biri olmaqla yanaşı, Azərbaycana yüksək texnologiyalı təhlükəsizlik sistemləri və kənd təsərrüfatı texnologiyaları ixrac edir.

Azərbaycanın multikultural cəmiyyətində yəhudi icmasının sülh şəraitində yaşaması və dövlət tərəfindən dəstəklənməsi də İsrail ictimaiyyətində müsbət qarşılanır. Bu faktor humanitar əməkdaşlığın əsas sütunlarından birini təşkil edir.

Qarabağ müharibəsi dövründə İsrailin Azərbaycana texnoloji dəstəyi, xüsusilə pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq, hərbi-siyasi münasibətlərin də əhəmiyyətini bir daha göstərmişdir.

Azərbaycan, Türkiyə və İsrail arasında hər bir cütlük üzrə inkişaf edən münasibətlər regional sabitlik və inkişaf baxımından yeni əməkdaşlıq formatlarının yaranmasına imkan yaradır. Bu baxımdan, üçtərəfli əməkdaşlıq modelləri – enerji təhlükəsizliyi, logistika zənciri, kibertəhlükəsizlik və su texnologiyaları sahəsində ortaq layihələrin təşkili üçün zəmin formalaşdırır.

Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə münasibətləri təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır. Bu münasibətlərin uğurlu davamı Azərbaycanın xarici siyasət strategiyasının çevikliyi və praqmatizminin bariz nümunəsidir. Gələcəkdə bu münasibətlərin institusional səviyyədə daha da gücləndirilməsi, çoxtərəfli əməkdaşlıq platformalarının yaradılması və regional sabitliyə töhfə verəcək mexanizmlərin tətbiqi məqsədəuyğundur.

İslam Bafadarov,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button