Analitika

Azərbaycanla Türkiyə arasında əlaqələr  uzun illərdir ki, strateji xarakter alıb

Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur.  Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din,  ortaq folklor  Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm  amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Hələ 1918-ci ildə Azərbaycanın ən ağrılı günlərində Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını  daşnakların caynağınndan xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi.  Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana -Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə Türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Umummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra bu istiqamətdə mühüm addımlar atıldı. O, Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Türkiyəyə münasibətdə  xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəfdaşıdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir. Cənab Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri  ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır”.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri işə salınmış və bununla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə həyata keçirilmişdir, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilmişdir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi idi. Bu layihələr regionun inkişafında mühüm rol oynayır.

Ümumiyətlə, beynəlxalq təşkilatlarda müxtəlif  beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür.  Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib. Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq.

Günel Əbdürəhmanova,
YAP-ın gənc faəlı

Oxşar Xəbərlər

Back to top button