AnalitikaGündəmSiyasət

Azərbaycanla Türkmənistanın əməkdaşlığı regional çərçivələri aşaraq daha qlobal əhəmiyyət kəsb etməyə başlayıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana reallaşan səfəri iki xalq arasındakı ortaq keçmişin bu gün necə qüdrətli bir strateji tərəfdaşlığa çevrildiyinin bariz sübutu oldu. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatında xüsusi vurğulandığı kimi, ölkələrimiz arasındakı əlaqələr sarsılmaz bir bünövrəyə – tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanır. Bu sarsılmaz birliyin ən gözəl nümunələrindən birini bu gün Qarabağın dirçəlişi prosesində görürük. Xalqlarımızın mənəvi yaxınlığı eyni zamanda qardaşlaşmış şəhərlərimiz olan Bakı və Aşqabadın, Füzuli və Arkadağın timsalında, eləcə də hər iki ölkədə ardıcıl keçirilən Mədəniyyət Günlərinin zəngin proqramlarında özünü aydın şəkildə nümayiş etdirir.

Azərbaycanla Türkmənistanın əməkdaşlığı regional çərçivələri aşaraq daha qlobal əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycanın coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməməsinə rəğmən, məhz ortaq mədəni-tarixi köklər və həyata keçirilən birgə logistika layihələri ölkəmizin bu coğrafiyanın ayrılmaz bir parçası kimi qəbul edilməsini şərtləndirib. Türkmənistanın fəal dəstəyi ilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul olunması isə dövlət başçısı tərəfindən haqlı olaraq tarixi hadisə kimi dəyərləndirilib.

Bütün bu iqtisadi və coğrafi üstünlükləri hərəkətə gətirən isə şübhəsiz ki, qətiyyətli siyasi iradədir. Qeyd olunduğu kimi, siyasi qarşılıqlı fəaliyyət və etimad olmasaydı, heç bir əlverişli coğrafi şərait səylərimizi birləşdirməyə kifayət etməzdi. Məhz bu inamın nəticəsidir ki, etibarlı və təhlükəsiz nəqliyyat marşrutlarının azaldığı indiki qlobal vəziyyətdə, zəngin enerji və faydalı qazıntı ehtiyatlarına malik olan hər iki dövlət tranzit potensialını genişləndirmək, yük axınlarını artırmaq və üçüncü ölkələri bu prosesə cəlb etmək üçün fəaliyyətlərini daha da sıx əlaqələndirirlər.

Nəticə etibarilə, Azərbaycan hər zaman dost və qardaş Türkmənistanın beynəlxalq uğurlarına, müdrik rəhbərlik sayəsində əldə etdiyi infrastruktur və sosial-iqtisadi nailiyyətlərə sevinir. Beynəlxalq aləmdə geniş rəğbətlə qarşılanan Türkmənistanın neytrallıq siyasətini daim dəstəkləyən Azərbaycan gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiyanın iclasından etibarən ikitərəfli layihələrin icrasında yeni və daha sıx əməkdaşlıq mərhələsinə qədəm qoyacaq.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button