
Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə iki ölkə arasında əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm məsələlərə toxunmuşdur. Dövlət başçısı Azərbaycanın Vyetnam ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, siyasi dialoqun intensiv xarakter aldığını, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək ənənəsinin formalaşdığını bildirdi. Azərbaycan ilə Vyetnam arasında BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırıldı.
Hazırda Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir. 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulmuşdur.
Vyetnam Sosialist Respublikası ilə Azərbaycan arasında ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər sahələrdə sıx əməkdaşlıq mövcuddur. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr əsasında, yaxın gələcəkdə bu sahədə əməkdaşlıq daha da genişlənəcəkdir.Bütün bu faktlar bir daha təsdiq edir ki, ölkələrimiz arasında mədəni, iqtisadi və siyasi əlaqələrin ciddi tarixi kökləri mövcuddur.
Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı