
“Barselona”nın futbolçusu Rafinya Çempionlar Liqasında Kriştianu Ronaldunun bir mövsümdə vurduğu qol və məhsuldar ötürmə rekordunu təkrarlayıb.
Obyektivxeber.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı hücumçu bunu ötən gün yarımfinal mərhələsində İtaliyanın “İnter” komandası ilə keçirilmiş cavab oyununda fərqlənməklə reallaşdırıb. 28 yaşlı forvard Kataloniya təmsilçisinin heyətində bu mövsüm Çempionlar Liqasında 21 qolun (13 qol və 8 məhsuldar ötürmə) vurulmasında yaxından iştirak edib.
“Sambaçı” bununla da hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinən Ronaldunun 2013-2014-cü illər mövsümündə “Real Madrid”in heyətində Çempionlar Liqasındakı göstəricisini (17 qol və 4 məhsuldar ötürmə) təkrarlayıb.
Karyerasının ən yaxşı mövsümünü keçirən Rafinya İspaniya nəhənginin forması ilə 53 matçda 32 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “İnter” komandası iki oyunun nəticəsinə əsasən, “Barselona”nı 7:6 hesabı ilə məğlub edərək finala yüksəlib.