
2023-cü il oktyabrın 15-i Azərbaycan tarixində əlamətdar günlərdən biri kimi yadda qaldı. Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə səfər edərək Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə yalnız hərbi qələbənin deyil, həm də milli iradənin və dövlət suverenliyinin təsdiqi oldu.
Azad edilmiş torpaqlarda üçrəngli bayrağımızın dalğalanması xalqımız üçün illərlə gözlənilən an idi. O bayraq şəhidlərin qanı ilə müqəddəsləşmiş, mübarizənin simvoluna çevrilmişdi. Ali Baş Komandanın əli ilə qaldırılan bayraq həm xalqımıza, həm də bütün dünyaya Azərbaycanın gücünü və qətiyyətini nümayiş etdirdi.
Bu mərasim eyni zamanda milli birliyin və vətən sevgisinin zirvəsi idi. Xüsusilə Xocalının adı çəkildikdə hər kəsin qəlbində yaranan ağrı bu dəfə qürur və ədalət hissi ilə əvəz olundu. Azadlıq uğrunda həyatını qurban verən şəhidlərin ruhu qarşısında xalq başı dik dayanaraq bu tarixi anı izləyirdi.
Oktyabrın 15-də dalğalanan bayraq yalnız o günün xatirəsi deyil, gələcək nəsillər üçün güc, əzm və birliyin rəmzi olaraq yaşayacaq. Bu tarix Azərbaycan xalqının dövlətçilik yaddaşında əbədi qalacaq.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Kamran Mustafayev