AnalitikaGündəmSiyasət

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” Azərbaycan üçün yeni imkanlar açacaq!

Otuz illik əsarətdən sonra Vətən torpaqlarımızınn azad olunması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsinin atəşkəs razılaşmasına görə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat yolunun açılması nəzərdə tutulsa da, bu danışıqlar yarımçıq qalmışdır.

Lakin nəhayətdə uzunmüddətli müzakirələr öz nəticəsini verdi: bu ilin iyulun ayında Əbu-Dabidə keçirilən görüşündə Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlinməsi artıq “buzların əridiyini” göstərdi.

Bildiyimiz kimi, bir neçə gün öncə, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında tarixi görüş baş tutmuşdur. Görüş Azərbaycan-Ermənistan sülh tənzimlənməsi, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinə dair bir sıra əsas razılaşmaların imzalanması ilə nəticələndi. Beləliklə də, ABŞ-ın təşəbbüsü ilə, tərəflər dəhlizlə bağlı razılığa gəlmişdir. Əlavə olaraq, dəhlizin idarə edilməsinin uzun müddətə ABŞ-a veriləcək, onun tikintisi və idarə olunmasında ABŞ yardımçı kimi çıxış edəcəkdir.

Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı birgə bəyannamədə mühüm məqamlardan biri Azərbaycanın əsas hissəsindən Naxçıvana və əks istiqamətdə maneəsiz hərəkətin təmin edilməsinin vacibliyinin təsdiqlənməsi oldu. Burada söhbət Bakının təkid etdiyi Zəngəzur dəhlizindən gedir. ABŞ-da bu dəhlizə şərti olaraq “Tramp marşrutu” adı verilsə də, məsələnin mahiyyəti dəyişməyib. Bununla da, bu hadisə Cənubi Qafqazın inkişafında yeni mərhələ kimi qiymətləndirilə və regionun gələcəyi ilə bağlı beynəlxalq iştirakın daha da fəallaşdığının göstəricisi kimi dəyərləndirilə bilər. Zəngəzur dəhlizi sadəcə nəqliyyat yolu deyil, həm də doğru atılmış mühüm addımdır. Bu dəhliz Azərbaycanın mövqeyini gücləndirir, mühüm tərəfdaşlarla iqtisadi, mədəni və müdafiə sahələrində əməkdaşlığın genişlənməsi üçün imkanlar açır. Layihə Azərbaycanın köhnə yollardan asılılığını azaldır və onun müstəqilliyini, ərazi bütövlüyünü qorumaq əzmini nümayiş etdirir. Ermənistan üçün isə bu dəhlizin açılması xarici siyasətin dəyişməsi və təhlükəsizlik yanaşmalarına yenidən baxış imkanı verir. Layihə İrəvandan müttəfiqlərinə yeni münasibət formalaşdırmağı tələb edir və regionda sabitliyin daha geniş əməkdaşlıq imkanlarının gücləndirilməsinə xidmət edir.

Müasir dövrdə xarici siyasət daha çevik olub diplomatiya, iqtisadi ittifaqlar və əməkdaşlığa əsaslanır və bununla əlaqədar, bizim üçün əsas məqsəd Vətənimizdə uzunmüddətli sabitlik və faydalı tərəfdaşlığın qurulmasına nail olmaqdır. Görünən odur ki, dəhliz iqtisadiyyatın inkişafı üçün böyük imkan yaradacaq, Azərbaycanı Türkiyə və Avropa ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri ilə əlaqələndirəcək. Beləliklə, Zəngəzur dəhlizi bütün iştirakçılar üçün yeni imkanların nişanəsinə və Cənubi Qafqazda yeni geosiyasi mənzərənin formalaşmasında əsas amilə çevrilir. Bütün bunlar göstərir ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun açılması Cənubi Qafqazda baş verəcək dəyişikliklərə gətirib çıxarmaqla, Azərbaycan üçün daha möhtəşəm hadisələrin bir hissəsidir!

Abbasova Zümrüd
Xəzər rayonu, 237 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button