Analitika

“Bir kəmər, bir yol” təşəbbüsü çox müdrik bir təşəbbüs idi

Azərbaycan Respublikası yarandığı ilk gündən dövlət rəhbərləri Respublikasının mənafeyinə xidmət edən, iqtisadi və mədəni əlaqələrini inkişaf etdirməyə yönəlmiş aktiv fəaliyyət içərisində olmuşlar. Xüsusilə də, dünyanın bir çox ölkələri ilə əməkdaşlıq dövlətin iqtisadi gücünün artırılması ilə yanaşı siyasi meydanda da tanınma və əməkdaşlıq imkanlarını genişləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda olankən Çinin CGTN (China Global Television Network) televiziya kanallarına verdiyi müsahibəsi zamanı Azərbaycan-Çin münasibətlərinin hər iki dövlətin fəaliyyətində mühüm yer tutduğunu vurğulayan fikirlər söylədi. Dövlətlər arasında olan etibarlı münasibət dostluq əlaqələrini gücləndirir. Dövlət başçıları arasında görüşlər təşkil olunub, gələcək fəaliyyətlər müzakirə olunur. Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında keçirilən “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdı. Bu heç də təsadüfi söylənmiş bir söz deyil. Dövlətlər arasında 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Hər zaman iki dövlətin də bir-birinin ərazi bütövlüyünü tanıması da münasibətlərə öz müsbət təsirini göstərir.

Azərbaycan-Çin dövlətləri arasında iqtisadi əməkdaşlıq əlaqələri durmadan artmaqdadır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin göstərdiyi təşəbbüsləri dəstəkləyir. Azərbaycanda biz artıq bunun üçün lazım olan bütün fəaliyyət planını yerinə yetirmişik. Nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərinin qurulması da artıq həyata keçirilib. Azərbaycanda bir çox sahəni, xüsusilə İnformasiya texnologiyaları sektorunu təmsil edən çoxlu Çin şirkətləri uzun illərdir ki, fəaliyyət göstərir. Bundan başqa gələcəkdə Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də Çinlə əməkdaşlıq etməyə ümid edir. Cənab prezident öz çıxışında qeyd edir: “Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə da qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlardan biridir”. Həqiqətən də Azərbaycanda bu istiqamətdə əməli addımlar atılır və qeyri-neft sektorlarının inkişafı maksimum dərəcədə təmin olunur. Xarici dövlətlərin investisiya qoyuluşu üçün lazımi şərait yaradılır. Bununla da Azərbaycan iqtisadiyyatının neft-qazdan asılı olmayan fəaliyyəti tənzimlənir. Bu istiqamətdə Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Bu da Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı üçün həyata keçirilən ən uğurlu layihələrdən biri kimi dəyərləndirilir. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və 25 milyon tona qədər çatdırılması planlaşdırılır. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır.

Cənab İlham Əliyev öz müsahibəsində Çinin təşəbbüsü ilə fəaliyyətə başlanan “bir kəmər, bir yol” layihəsinin icrasının ilk günlərindən layihənin icrasına qoşulub, bu təşəbbüsə investisiya yatırılmasını da vurğuladı. Artıq 10ildir ki, icrası həyata keçirilən”bir kəmər, bir yol” layihəsi müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. Dəmir yolu infrastrukturuna geniş investisiya yatırıldı. Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün Azərbaycan indi də əlavə sərmayə yatırır. Açıq dənizə çıxışı olmayan bir ölkə kimi Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Ölkə ərazisində avtomagistrallar və hava limanları kimi layihələr hal-hazırda da həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Bu kimi tranzit layihələrin həyata keçirilməsi ölkənin neft-qaz sektorundan asılılığının aşağı salınması istiqamətində göstərilən fəaliyyətin müsbət nəticələnməsinə istiqamətlənmişdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir. Qoyulan tarif elə müəyyən edilməlidir ki, narazılıq olmasın və bütün tərəflər mənfəət götürə bilsin.

Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Bunun üçün Azərbaycanda lazım olan potensial, Çində isə bütün müasir texnoloji nailiyyətlər vardır. Bu elementlər birləşdirilərək hər iki dövlət üçün də əməkdaşlığın yeni və uğurlu bir istiqaməti yaradıla bilər. Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var.

Son zamanlarda bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələrin regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcəyi gözlənilir.

Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır artım nə qədər olacaq, faiz dərəcəsi hansı səviyyədə olacaq və s. Çin hökuməti qlobal məsuliyyəti dərk edir. Dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq İctimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çin bunu qlobal miqyasda edir. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur.

Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir deyə İlham Əliyev öz çıxışında qeyd edib.

Hal – hazırda Avropada olan qaz çatışmazlığı probleminin həllində Azərbaycan qazı mühüm rol oynayır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz böyük töhfələr verir. Ötən il Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzalanıb və 5 il ərzində bu hədəfə nail olunacağı planlaşdırılır.

İlham Əliyev öz çıxışında Azərbaycan Respublikasının “Qoşulmama Hərəkatı”nın sədri kimi fəaliyyəti haqqında da fikir bildirib. O qeyd edib ki, “Böyük güclərin maraqları arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər. Ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi səyləri yüksək qiymətləndirilib. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb”.

Azərbaycan Respublikasının son zamanlarda baş verən və dünyanın böyük əksəriyyətini əhatə edən pandemiya dövründə digər dövlətlərə göstərdiyi yardımlar, eyni zamanda təbii fəlakətlər, müharibələr zamanı da tutduğu yardımsevər mövqe müsahibədə vurğulanıb. Dövlət başçımız qeyd edib ki, 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Azərbaycan kasıblığın nə olduğunu yaxşı bildiyi üçün digər ölkələrə kömək əlini uzatdı. Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik. Bu sözlər Azərbaycanın humanist mövqeyini bir daha təsdiq etdi.

Müsahibə zamanı Azərbaycan Prezidentinin öz xalqının rifahı üçün gördüyü işlər də diqqətdən kənarda qalmayıb. Prezident İlham Əliyevin bütün verdiyi sözləri yerinə yetirməsinin onun siyasi simasının formalaşmasında mühüm rol oynayır. Siyasi həyatda heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Verilən bütün sözlər yerinə yetirilib. Prezident İlham Əliyevin dövlət siyasəti nəticəyönlü xarakter daşıyır. Yalan vədlərə əsaslanan seçki kampaniyaları uğura gətirib çıxarmayıb. İnsanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər – deyə bildirib. Prezident İlham Əliyevin hər il regionlara təxminən 30-40 səfəri təşkil olunur. Səfərlər çərçivəsində insanları narahat edən problemlər öyrənilir və onların həlli yolları araşdırılır. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb.

Babayeva Ləman,
Xəzər rayonu, 136 N-li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button