Bir kəmər, bir yol….

Azərbaycan qədim dövrdən İpək yolunda yerləşən ölkələrdən olmuşdur. Qədim Çindən başlayan İpək yolu bir çox Asiya ölkələrindən, həmçinin Azərbaycandan keçərək Aralıq dənizinə çatmış, qərbi-şərq ticarətinə qovuşdurmuşdur. XV-XVI əsrlərdən əhəmiyyətini itirən bu yol müasir dünyamızda yenidən əhəmiyyət qazanır, yeni imkanlar yaradır. Bunun ən böyük səbəblərindən biri bugün Çinin dünya iqtisadiyyatındakı yüksələn roludur. Bu imkanları düzgün qiymətləndirən dövlət başçımız İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibəsində də qeyd etmişdir: “Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. On il öncə qəbul olunan “Bir kəmər, bir yol” lahiyəsinə Azərbaycan fəal şəkildə qoşuldu və mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. Bundan əlavə dəmiryolu infrastrukturu, avtomagistrallar, hava limanları kimi lahiyələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı.
Prezidentimiz sualları cavablandırarkən Azərbaycandakı yüksək investisiya imkanlarından geniş bəhs etmişdir. O qeyd etmişdir ki, Azərbaycanda xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.
Bildiyimiz kimi Azərbaycan bərpa olunan enerji mənbələri üzrə geniş potensiala malik olan ölkədir. Hazırda bərpa olunan enerji mənbələri üzrə potensialımız 27 000 MVt həcmində qiymətləndirilir.
Prezidentimizin düzgün,ardıcıl siyasəti nəticəsində bir çox dünya şirkətləri Azərbaycanda pilot lahiyələr həyata keçirməyə başlayıblar. Bu lahiyələr işğaldan azad olunan rayonlarımızda – Zəngilan/Cəbrayıl zonasında, Bakı yaxınlığındakı Ələt rayonunda yerləşir. Dövlət başçısı Çin şirkətlərinidə bu fürsətdən yararlanmağa çağırıb. Azərbaycanda İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri vardır. Ümid edirik ki, enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq edəcəyik.
Səmayə Nəcəfova,
Xəzər rayonu, 322 № tam orta məktəbin müəllimi