AnalitikaGündəmSiyasət

Birliyimiz Gücümüzdür

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyini, ümummilli həmrəyliyini və qlobal azərbaycançılıq ideyasını əks etdirən əlamətdar tarixi gündür. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları ortaq milli dəyərlər, dövlətçilik düşüncəsi və ümumi məqsədlər ətrafında birləşdirən mühüm ideoloji platforma kimi çıxış edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr tarixində təsis edilmişdir. Bu qərar milli birlik ideyasının dövlət siyasəti səviyyəsinə qaldırılmasının bariz nümunəsi olmaqla yanaşı, dünya azərbaycanlılarının təşkilatlanması və ümummilli məqsədlər ətrafında birləşməsi baxımından strateji əhəmiyyət kəsb etmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi XX əsrin sonlarında baş verən ictimai-siyasi proseslərin məntiqi nəticəsi olmuşdur. Həmin dövrdə milli özünüdərk meyillərinin güclənməsi, tarixi yaddaşın bərpası və parçalanmış milli məkanın mənəvi baxımdan birləşdirilməsi zərurəti bu günün formalaşmasına əsas yaratmışdır.

31 dekabrın rəsmi şəkildə qeyd olunması milli birlik ideyasının dövlət səviyyəsində təsdiqinin bariz nümunəsidir. Müasir qloballaşma şəraitində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daha geniş məna kəsb edir. Beynəlxalq münasibətlər sistemində diaspor faktorunun artması milli maraqların müdafiəsində koordinasiyalı fəaliyyətin əhəmiyyətini ön plana çıxarır. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, vahid mövqedən çıxış etməsi və informasiya müstəvisində fəallığı Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan dövlətinin diaspor siyasəti dünya azərbaycanlılarının birliyinin gücləndirilməsinə yönəlmiş ardıcıl və məqsədyönlü tədbirlərlə xarakterizə olunur. Milli-mədəni dəyərlərin qorunması, ana dilinin təbliği və azərbaycançılıq ideologiyasının yayılması bu siyasətin əsas istiqamətlərini təşkil edir. Həmrəylik Günü bu fəaliyyətin ideoloji əsasını möhkəmləndirən mühüm amil kimi qiymətləndirilir.

Son illərin tarixi təcrübəsi milli həmrəyliyin real təsir gücünə malik olduğunu bir daha nümayiş etdirmişdir. Xüsusilə Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının göstərdiyi birlik və həmrəylik milli maraqların beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynamışdır. Bu proses milli birliyin yalnız mənəvi deyil, eyni zamanda strateji resurs olduğunu sübut etmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gənc nəslin milli kimlik ruhunda formalaşdırılması baxımından da xüsusi əhəmiyyətə malikdir. Xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mədəni irsə bağlılığının qorunması və inkişaf etdirilməsi həmrəyliyin davamlılığını təmin edən əsas şərtlərdəndir. Bu gün gənclərdə milli məsuliyyət və dövlətçilik düşüncəsinin möhkəmlənməsinə xidmət edir. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyinin və ümummilli həmrəyliyinin rəmzidir. Bu əlamətdar gün azərbaycanlıların harada yaşamasından asılı olmayaraq vahid milli maraqlar ətrafında birləşmək potensialını bir daha təsdiqləyir. Birliyimiz gücümüzdür və bu güc Azərbaycanın davamlı inkişafının və milli həmrəyliyinin ən möhkəm təminatıdır.

Fərəcova Günay,
Xəzər rayonu, S. Abbasov adına 117 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button