AnalitikaGündəmSiyasət

Biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik

Azərbaycanın xarici siyasət strategiyasında beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi mühüm yer tutur. Bu baxımdan ölkəmizin Avropa İttifaqı ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan bu əməkdaşlıq Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın Azərbaycana səfəri zamanı bir daha özünü göstərdi.

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin əsası 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişi ilə qoyulub. Daha sonra ölkəmizin 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə qoşulması və 2009-cu ildən Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi bu münasibətlərin daha da inkişaf etməsinə şərait yaradıb. Bu gün Azərbaycan Aİ-yə üzv dövlətlərin bir çoxu ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Enerji sahəsi Azərbaycan–Avropa İttifaqı əlaqələrinin əsas istiqamətlərindən biridir. Əsrin müqaviləsi ilə başlayan enerji strategiyası nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən birinə çevrilib. Hazırda Azərbaycan Avropanın bir sıra ölkələrinə təbii qaz ixrac edir və bu əməkdaşlıq getdikcə genişlənir.

İlham Əliyev ilə Antonio Costa arasında keçirilən görüşlərdə enerji, təhlükəsizlik, nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib. Nəqliyyat və logistika sahəsində də əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Xüsusilə Orta Dəhlizin inkişafı və regional nəqliyyat əlaqələrinin gücləndirilməsi Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə imkan yaradır. Bu baxımdan Bakı–Naxçıvan dəmir yolu xəttinin bərpası da strateji layihə kimi qiymətləndirilir.

Bununla yanaşı, tərəflər rəqəmsal transformasiya, süni intellekt və data mərkəzlərinin yaradılması kimi müasir texnologiya sahələrində əməkdaşlıq imkanlarını da müzakirə ediblər. Bu istiqamətlər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcək inkişafında mühüm rol oynaya bilər.Enerji sahəsində əməkdaşlığın digər istiqaməti isə bərpa olunan enerji ilə bağlıdır. Azərbaycan günəş, külək və su enerjisi kimi alternativ enerji mənbələrinin inkişafına böyük sərmayələr yatırır. Yaxın illərdə ölkəmizin ixraca yönəldilə bilən böyük həcmdə bərpa olunan enerji potensialına malik olacağı gözlənilir.

Bütün bunlar göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər strateji xarakter daşıyır və qarşılıqlı maraqlara əsaslanır. Enerji, nəqliyyat, iqtisadiyyat və texnologiya sahələrində genişlənən əməkdaşlıq gələcəkdə bu tərəfdaşlığın daha da güclənəcəyini göstərir.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Siyasət Həsənov

Oxşar Xəbərlər

Back to top button