AnalitikaGündəmSiyasət

Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik

Azərbaycan böyük enerji hasilatı və nəqliyyat layihələrinin həyata keçirilməsində zəngin təcrübəyə malikdir. Bu layihələr korporativ maliyyələşmə və borclanma yolu ilə həyata keçirilmişdir. AÇG, “Şahdəniz” və “Abşeron” kimi layihələr bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Yaxın gələcəkdə bir çox yeni yataqların istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda müqavilələr imzalanıb və işçi proqramları təsdiq edilib. Cənub Qaz Dəhlizi layihəsinin üç əsas komponenti olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP hal-hazırda tam gücü ilə fəaliyyət göstərir. Lakin qlobal enerji bazarının sürətlə dəyişməsi və artan tələbat fonunda bu infrastrukturun genişləndirilməsi vacib bir məsələdir.

Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq.

Azərbaycan və Avropa Komissiyası arasında 2022-ci ilin ortalarında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı imzalanan memorandum enerji təchizatının təhlükəsizliyi və diversifikasiyasının təmin edilməsi məqsədilə mühüm bir addım oldu. Bu memorandumun imzalanması ilə Azərbaycan Avropa ölkələrinə qaz təchizatını artırmağa başlayıb, bu isə xüsusilə son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın enerji şirkəti olan Dövlət Neft Şirkəti, həm ölkə daxilində, həm də xaricdə hasilat, nəqliyyat və çatdırılma sahələrində fəaliyyət göstərir. Azərbaycan artıq uzun illərdir etibarlı tərəfdaş kimi tanınır və gələcəkdə də bu rolunu davam etdirəcək. Azərbaycanın qaz təchizatının coğrafiyası da genişlənməkdə davam edir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının sonuncu iclasından sonra əlavə 5 ölkə Azərbaycan qazının alıcısına çevrilib. Bu gün Azərbaycanın təbii qazı artıq 12 ölkəyə ixrac olunur, onlardan 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür.

Ələkbər Novruzov,
Xəzər rayonunun gənc fəalı

Oxşar Xəbərlər

Back to top button