AnalitikaGündəmSosial

Böyük alim, qayğıkeş ana

Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, işini mükəmməl bilən, nursuz gözlərə işıq paylayan, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytaran Zərifə xanım Əliyeva. İlin gözəl fəslində, 1923-cü il aprelin 28-də dünyaya gələn, 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşan, gözəl insan, qayğıkeş həkim Zərifə xanım Əliyeva ömür salnaməsinə gözəl əməllərdən başqa heç nə yazılmayan şəfqətli əllər sahibi olmaqla kamil, xeyirxah insan kimi də hamının hörmətini qazananlardan idi. Peyğəmbərimiz buyurub ki, elm sənin məsləhətçin, mülayimlik dostun, əql bələdçin, səbr isə başçın olmalıdır. Bu keyfiyyətləri şəxsiyyətində birləşdirən Zərifə xanım kamillik nümunəsi idi.

Böyük filosoflar əsrlər boyu şəxsiyyət amilini tədqiq edərkən son nəticədə bu qənaətə gəliblər ki, onun yetişməsində başlıca amil məhz formalaşdığı mühitdir. Zərifə xanım da 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Zərifə xanım Əliyevanın uşaqlığının ilk illəri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Tələbəlik həyatının ilk günlərindən özünəməxsus fitri istedadı, dərin zəkası, iti məntiqi təfəkkürü, təvazökarlığı və sadəliyi ilə tələbələr arasında hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdir. Tələbəlik illərində Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək kimi müqəddəs arzu baş qaldırmış, o öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdur. Bilik diapazonu geniş və çoxşaxəli olan Zərifə xanım Əliyeva qısa zamanda həm həkimliyin, həm alimliyin, həm də pedaqoqluğun ən yüksək zirvəsinə yüksələ bilmişdir. Zərifə xanım həmişə bu fikirdə olmuşdur ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava-dərmandan da güclü təsir göstərir, “həkim xəstənin ən doğma adamıdır” demişdir. O, həm görkəmli alim, həm də həyat eşqi, xeyirxahlığı, nəvazişi ilə qayğıkeş ana və həyat yoldaşı, ailəsinə dayaq olan əsl insan idi. İşinin çoxluğuna, cəmiyyətdə tutduğu yüksək mövqeyə baxmayaraq, birinci növbədə ailəsinin qayğıları ilə yaşayırdı.

Zərifə xanım daim mərhəmət və nəciblik kimi ali keyfiyyətlərə sadiq insan olaraq tanınmışdır. Bu gün qürur doğuran məqam odur ki, bu ocağın dəyərli üzvü – Zərifə xanımın çox sevdiyi gəlini Mehriban xanım Əliyeva da cəmiyyətdə xeyirxahlığın ali ünvanı kimi qəbul olunur. Bu gün Mehriban xanım Əliyeva da eyni əzm və fədakarlıqla Prezident İlham Əliyevin çətin və şərəfli fəaliyyətinə nəcib və xeyirxah əməlləri ilə dəstək olur, daha qüdrətli Azərbaycan quruculuğunda ömür-gün yoldaşının ən yaxın məsləkdaşına çevrilir.

Vüqar Musayev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button