
Azərbaycan gəncliyi ölkəmizin gələcəyini formalaşdıran, cəmiyyətin inkişafında mühüm rol oynayan əsas qüvvədir. Məhz bu məqsədlə 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar gün gənclərin cəmiyyət həyatında fəallığını artırmaq, onların potensialını üzə çıxarmaq və dövlət tərəfindən göstərilən diqqət və qayğını vurğulamaq baxımından böyük əhəmiyyət daşıyır.
2 Fevral – Azərbaycan Gəncləri Günü Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmişdir. 1997-ci ildə imzalanan müvafiq sərəncamla bu gün rəsmi bayram statusu almışdır. Bu qərar ölkədə gənclər siyasətinin formalaşdırılmasında mühüm mərhələ olmuşdur. Həmin dövrdən etibarən gənclərin təhsili, məşğulluğu, sosial müdafiəsi və şəxsi inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu gün Azərbaycan gəncləri elm, təhsil, idman, mədəniyyət və hərbi sahədə mühüm uğurlar qazanır, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Gənclərin bilik və bacarıqlarının artırılması üçün müxtəlif dövlət proqramları, təqaüdlər, təlimlər və layihələr icra olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi davam etdirilir.
Azərbaycan gəncliyi həm də vətənpərvərlik ruhu, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Xüsusilə Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq onların Vətənə sədaqətinin bariz nümunəsidir.
2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərin uğurlarının qeyd edildiyi, onların problemlərinə diqqət çəkildiyi və gələcək hədəflərinin müəyyənləşdirildiyi əlamətdar gündür.
Əlizadə Günel,
Yeni Azərbaycan partiyasının, məsləhətçisi



