Bu gün Azərbaycan özü yeni reallıqlar yaradan ölkədir

2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirildi. Bu qurultay partiyanın və ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm hadisə olaraq diqqəti cəlb edirdi. Ölkənin ictimai-siyasi proseslərində ən aktiv mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının rəhbər strukturları məhz VII qurultayda yenidən formalaşdırıldı, eyni zamanda digər əhəmiyyətli qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların YAP-a qoşulmasına dair müraciətlərinə baxılaraq, müsbət dəyərləndirildi.
Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının önəmli siyasi, ictimai hadisələrə münasibətdə hər zaman ön xətdə irəliləməsi, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlaması, bu yolda islahatlara xüsusilə önəm verməsi ilə seçilir. Bu il noyabrın 21-də ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümüdür. Ötən bu müddət ərzində partiya Sədr, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun, yüksələn inkişaf xəttini əsas prinsip olaraq müəyyən edib, yeni hədəflərə, çağırışlara doğru addımlamaqda davam edir
Heydər Əliyevin davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Post-müharibə dövrünün reallıqlarına uyğun olaraq, siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyini daha da gücləndirməsi, Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və bu kimi milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Əsasən, ölkənin aparıcı siyasi təşkilatı və geniş elektorata, əhatə dairəsinə malik olan partiyası kimi YAP-ın da üzərinə bu istiqamətdə mühüm vəzifələr və məsuliyyət düşür. Məhz bu baxımdan partiyanın tarixi Zəfərdən sonra keçirilən ilk və mühüm qurultayı ölkənin inkişafında da yeni mərhələnin əsasının qoyulması ilə xarakterizə edildi. VII qurultay partiyanın inkişafı, müasir çağırışlara cavab verməsi baxımından əhəmiyyətli hadisə kimi qeyd edildi.
Yeni Azərbaycan Partiyası bütün bu siyasi reallıqların fonunda, yaranmış reallıqlardan çıxış edərək, özünün müəyyənləşdirdiyi yenilənmiş fəaliyyət proqramı ilə yoluna davam etməkdədir. Partiyanın VII qurultayından sonra yeni mərhələ və hədəflər haqqında danışan YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir:
Bunlarla yanaşı, YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının daha bir nümunəsi – əyani ifadəsidir. Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir.
VII qurultaydan sonra Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Sirr deyil ki, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Reallıqlar deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından əlamətdar olacaq”.
44 günlük Vətən müharibəsində tarixi qələbəmiz yeni reallıqların yaranması prosesini inkişaf etdirən başlıca istiqamətlərdəndir. Qurultayın keçirilməsi bir daha Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının milli çağırışlara və yeni reallıqlara daima adaptiv mexanizminin olduğunu isbat edir. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan islahatların davamıdır. Sonuncu qurultaydan ötən illər Azərbaycanın və bölgənin həyatında həlledici, mühüm hadisələrlə yadda qalıb. Ən başlığası isə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb.
Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaratdı.
Qarabağ bölgəsinin özünün enerji istehsal etmək potensialının yüksək olması nəzərə alınaraq Prezident İlham Əliyevin göstərişi ilə işğal illərində dağıdılan Laçın rayonunda 5, Kəlbəcərdə isə 12 su elektrik stansiyasının bərpası sürətlə həyata keçirilir, Laçın rayonunda “Güləbird” Su Elektrik Stansiyası təmirdən sonra istismara verilmişdir. Bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsində İran İslam Respublikası ilə birlikdə tikilən “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları da mühüm rol oynayacaq.
YAP-ın VII qurultayinda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı müraciətinin qəbul edilməsi milli birlik və siyasi həmrəyliyin yeni modelinin təzahürüdür. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin VII qurultayda yekun nitqində digər partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasını siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım olaraq dəyərləndirmiş və bu addımın olduqca əlamətdar hadisə olduğunu qeyd etmişdir.
Bu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım olmaqla yanaşı həm də göstərir ki, YAP-ın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir
VII qurultay çərçivəsində təşkilati məsələlərlə bağlı qərarlar, həmçinin partiyanın yeni nizamnaməsi qəbul edilmişdir. Belə ki, qəbul edilmiş qərara əsasən Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfər tərkibdə Təftiş Komissiyası təsdiq edilmişdir. Eyni zamanda, yeni qurum olan Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası yaradılmışdır ki, bu qurumun da tərkibi 35 nəfər olaraq təsdiq edilmişdir. Qəbul olunmuş yeni qərarlar partiya fəaliyyətinin inkişaf sürətini daha da artıracaq.
Prezident İlham Əliyevin qurultayda çıxışı zamanı toxunduğu məqamlardan biri də ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi, Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin şücaəti, milli-mədəni köklərə bağlı gəncliyin formalaşmasının ölkəmiz üçün əhəmiyyətinin vacibliyi oldu. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi Ulu Öndər Heydər Əliyevin də daim diqqət göstərdiyi məqamlardan biri idi. Prezident İlham Əliyev də Azərbaycanda hər zaman gənclər siyasətinə xüsusi diqqət göstərib, nəticədə uğurlu bir gənclər siyasəti modeli yaranıb. Bu gün ölkəmizdə gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir sıra dövlət müəssisələri mövcuddur. Gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında da gənclər prosesin mərkəzindədirlər.
Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcəkdir.
Səfərova Ülviyyə,
Xəzər rayonu, 256 №li məktəbin müəllimi