
İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Yəni, məramımız, məqsədimiz birdir, Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.
Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır.
Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu. Azərbaycan Respublikası İran İslam Respublikası ilə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir.
Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir. Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri