
Ölkəmizdə hər il 8 Mart-Beynəlxalq Qadınlar Günü təntənə ilə qeyd olunur. Bu gün qadınlara verilən dəyər, həm qadın hüquqlarının qorunması, həm də onların cəmiyyətə verdiyi töhfələrin təntənəsidir. Azərbaycanda savadlı qadınların rolu böyük əhəmiyyət kəsb edir. Qədim dövrdə qadınların rolu və müasir dövrdə Azərbaycan cəmiyyətindəki yeri göz qabağındadır. Yəni həm qədim dövrlərdə, həm də müasir dövrdə qadınlar cəmiyyətin müxtəlif sahələrində siyasətdən tutmuş mədəniyyətə, təhsildən səhiyyəyə qədər hər sahədə fəal yer tutmuşdurlar. Azərbaycan qadını, xüsusilə müstəqil dövrdə, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar qazanmışdır. Müstəqil Azərbaycanda qadınların siyasi iştirakını artırmaq, onların iş həyatında və ictimai fəaliyyətlərdə daha fəal olmalarını dəstəkləmək məqsədilə müxtəlif proqramlar hazırlanmışdır.
Məhz bu gün Azərbaycanda əksər ölkələrdə işgüzar qadınlar cəmiyyətdə mühüm rola malikdirlər. Qadınların müxtəlif sahələrdə bacarıq və qabiliyyətlərini reallaşdırmaq imkanları xeyli genişdir. İqtisadiyyat, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırmışdır. Sosial həyatda qadınlara yaradılan geniş imkanlar isə öz nəticəsini bir çox sahələrdə göstərir. Qadınların kişilərlə bərabər təhsil imkanlarına sahib olması cəmiyyətin inkişafı baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Təhsil hüquqlarından istifadə edən qadın sosial həyatın elm, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sahələrinin də inkişafına fayda verə bilir. Digər tərəfdən, yüksək intellektual, mədəni keyfiyyətlərə sahib olan qadınlar xalqın gələcəyi olan sağlam düşüncəli, yüksək dəyərlərin daşıyıcısı olan, savadlı yeni nəsil yetişdirirlər.
Xüsusilə bir məqamıda vurğulayaq ki, özünün çoxşaxəli fəaliyyəti, liderlik keyfiyyətləri ilə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan qadınını böyük uğurla təmsil edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman sahələri ilə yanaşı, qadın hüquqlarının qorunması, qızların təhsilə cəlb olunması üzrə də geniş fəaliyyət göstərir. Fond nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qadın problemlərinin həlli yolundə mühüm tədbirlər həyata keçirir.
Artıq yüz illərdən bəri sürətlə mariflənən qadınlarımız formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşdurlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının yüksək nüfuza, elmə malik olmasından, mədəni və intellektual potensialından xəbər verir.
Ümumilli Liderimiz Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi və lider qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.
Respublikamızda dövlət müstəqilliyin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.İstər birinci Vətən müharibəsi illərində, istırsə də qırx dörd günlük-ikinci Vətən müharibəsində sücaətlə, mərdliklə döyüşən vətənpərvər qəhrəman qadınlarımız olub. Onlar “Vətən bölünməz, şəhidlər ölməz” şüarını uca tutmuşdurlar.
Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Hələ 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu öz əksini tapmışdır. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir.
Həsənova Almara,
Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin müəllimi