Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb

Bildiyiniz kimi yaxın günlərdə – fevral ayının 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatoru olduğu bu iclasda tarixdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Ermənistanın Baş naziri Nikol Paşinyan bir araya gəlmişdir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bir il sonra baş tutmuş bu görüşdə dövlət başçılarına ünvanlanan ilk sual da məhz bu siyasi gərginliyin Rusiyanın qonşuları olan Cənubi Qafqaz dövlətlərinə təsiri ilə bağlı olur. Cənab Prezident öz çıxışında bu müharibənin Azərbaycan Respublikasına birbaşa təsiri olmasa da, geosiyasi baxımdan böyük dəyişikliyə səbəb olduğunu qeyd edib. Dövlət başçısı yaşanan siyasi vəziyyətlə əlaqədar Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiyadan Avropaya yüklərin daşınma dövriyyəsinin artmasına da diqqət çəkmişdir. Bu da təəccüblü hal deyil. Azərbaycan uzun illərdir ki, müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına səy göstərmişdir. Öz çıxışında Ukraynada mövcud olan vəziyyətin yaxın keçmişdə bizim ölkəmizdə də yaşandığını xatırladaraq, müharibənin xalqlar üçün meydana gətirdiyi ağır fəsadlarını təəssüflə qeyd edib və hər zaman Azərbaycan Respublikasının sülh tərəfdarı olduğunu vurğulayıb. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparıldığını bildirən dövlət başçısı “Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar” deyə əlavə edib.
Bu tarixi görüşdə gündəmə gətirilən əsas məsələlərdən biri də, son zamanlarda Qarabağ bölgəsində yaşanan gərgin vəziyyətlə bağlı olub. Ermənistan baş nazirinin son 70 gündür ki, Laçın dəhlizinin bağlı olması və bunun 10 noyabr 2020-ci ildə bağlanan üçtərəfli bəyanata zidd olması ilə bağlı fikirlərinə də dövlət başçısı öz münasibətini bildirib. Cənab prezident regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını bildirib. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi isə Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələr istiqaməti.
Eyni zamanda Ermənistan rəhbərinin inadla səsləndirdiyi “Dağlıq Qarabağ” məvhumunun doğru olmadığını və Azərbaycan sərhədləri daxilində belə bir inzibati vahidin mövcud olmadığını da diqqətə çatdırıb. İlham Əliyev bildirib ki, “Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var”.
Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacağını da qeyd edən dövlət başçısı, Azərbaycanın bu məsələni erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazır olduğunu və Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslərlə heç bir müzakirədən söhbət belə gedə bilməyəcəyini açıq şəkildə bildirdi. Rəsmi Bakı Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar – deyə də çıxışına əlavə etdi. Azərbaycanın 30 ildən artıq davam edən müstəqil dövlətçiliyi tarixində bir dəfə də olsun etnik azlıqlara ayrı seçkilik olunmamış və onlar hər Azərbaycan vətəndaşının sahib olduğu hüquq və azadlıqlara sahib olmuşlardır.
Azərbaycan 30 ilə yaxın bir müddətdə göstərdiyi sülhməramlı mövqeyini artıq BMT-nin öz qəbul etdiyi qətnamələrə hörmət etmədiyini və münaqişənin həlli yolunda heç bir beynəlxalq təşkilatın ciddi səy göstərməyəcəyini anladığı an artıq torpaqlarımızın geri qaytarılmasının tək yolunun hərbi yol olduğunu anladı. Və 3000-ə yaxın azərbaycanlının canı, qanı hesabına ərazi bütövlüyümüzü bərpa edə bildik. 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub.
Laçın dəhlizində Azərbaycan tərəfin Qarabağın yerli erməni əhalisinə heç bir problem yaratmadığı və dekabrın 12-dən yəni bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçdiyi qeyd olundu. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq deyə dövlət başçısı vəziyyətə aydınlıq gətirdi.
Konfrans zamanı İlham Əliyevə ünvanlanan suallara nəzər salsaq görərik ki, “Sülh danışıqlarında vasitəçi kimi ABŞ-nın çıxış etdiyini söyləmişdiniz. Görünən odur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz rolunu itirmişdir. Bunu şərh edə bilərsinizmi?” sualina verilən cavab diqqətə layiqdir. İlham Əliyev cavab olaraq “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. Bu gün isə Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı biz, həmçinin Brüssel prosesini və üçtərəfli formatı müzakirə etdik. Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır. Düzdür, keçmiş Minsk qrupundan müəyyən şeylər qalıb. Bu qrup artıq kənara çəkilib, mövcud deyil. Ola bilər ki, yalnız kağız üzərində mövcud olsun. Ona görə də Minsk qrupunun 28 il ərzində heç bir nəticəyə nail ola bilməyən keçmiş həmsədrləri vəziyyətə hələ ki, nisbətən təsir edə bilirlər. Bu səbəbdən biz ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlmişik. Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir. Aydındır ki, vasitəçi olan tərəf tuta və bunu nümayiş etdirə bilməz. Bundan əlavə, demək istərdim ki, hər kimsə bu iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını qazanacaqdır. O ki qaldı, sülh danışıqlarına biz bu mövqeyi başa düşə bilərik, lakin bizim təcrübəmiz göstərir ki, sülh danışıqları bəzən çox uzanır. Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu, bizi qane etmirdi. Buna görə də biz hazırlaşırdıq, səylərimizi səfərbər edirdik, yeni nəsil böyüdürdük. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişdirirdik. Bu baxımdan bəli, mən sülh danışıqlarının keçirilməsinin əleyhinə deyiləm. Lakin siz ədaləti güc vasitəsilə bərpa etməli olursunuz. Bu, sizin qanuni haqqınızdır. Bu haqqı sizə BMT-nin 51-ci fəsli verir. Biz də bu haqqımızdan istifadə etdik. Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Ona görə də o, ədalətli müharibə idi. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi” deyə bildirmişdir. Və bu cavab bir daha sübut edir ki, Azərbaycan xalqı öz doğma torpaqları uğrunda hər an qan tökməyə və can verməyə hazır igidlər yetişdirən xalqdır.
Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil. Silah vacibdir, taktika da vacibdir, planlaşdırma çox vacibdir. Lakin ən önəmli olan həvəsdir.
Plenar iclasdan sonra İlham Əliyevin televiziya nümayəndələrinə verdiyi açıqlamada Qarabağ məsələsinin hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilməsinin yolverilməz olduğunu qeyd etdi. Digər tərəfdən enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcəyinə də diqqət çəkdi. Enerji təhlükəsizliyi məsələləri beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunan gündəliyin ön sıralarındadır. Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Bu da Azərbaycanın gələcək fəaliyyətində qarşısında geniş imkanlar açır.
Aysel Şərbətova,
Xəzər rayonu, Rasim Sadıqov adına 136 nömrəli məktəbin direktoru