Davos Forumundakı görüşlər Azərbaycana olan etimadı ildən-ilə artırır

İsveçrə Konfederasiyasının Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında 2023-cü il yanvarın 16-da Dünya İqtisadi Forumu işə başladı.
Davos İqtisadi Forumu dünyada ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır, 50 ildən çoxdur keçirilir və dünya birliyinin işgüzar, siyasi, intellektual liderləri arasında tərəfdaşlığın inkişafında önəmli rol oynayır. Forumda hər il bir sıra mühüm qlobal problemlər müzakirə olunur. Bu ilki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak etmişdir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir. Müzakirələr isə postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır.
Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin iştirak etdiyi Davos İqtisadi Forumunda indiyədək dünyanın aparıcı iş adamları ilə görüşüb, onlarda ölkəmizin iqtisadi imkanları barədə obyektiv təsəvvür yaradıb, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrini dünyaya çatdırıb. Nəticədə ölkəmizə investisiya qoyu- luşu, yeni texnologiyaların gətirilməsi prosesi sürətlənib. Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub, təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlər görülüb. Əlverişli coğrafi mövqe nəzərə alınaraq, iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşması diqqət mərkəzində saxlanılıb. Bir sözlə, ölkəmizdə gedən inkişaf prosesləri daha da sürətlənib, Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub. İqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib.
Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 17-də toplantıda iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfərə etmişdir. Forum çərçivəsində ölkə başçısı bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparmışdır, Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə vermişdir. Yanvarın 19-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib, iclasın moderatorunun suallarını cavablandırmışdır.
Panel iclasındakı çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Böyük tranzit imkanları olan ölkə kimi Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yaxın gələcəkdə yükaşırma qabiliyyəti 15 milyon ton olan Ələt Dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb.
Bu ildən etibarən neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlanılıb. Prezident İlham Əliyev bildirib ki, “Vahid pəncərə” sistemini tətbiq etmək məqsə- dilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparıl- malıdır”. Qeyd edilib ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi iş gedir. Xüsusilə nəqliyyat sahəsinin genişlənməsi ölkənin ixrac imkanlarını şaxələndirməyə imkan verəcəkdir. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaqdır.
Prezident xüsusi olaraq vurğulayıb ki, ölkədə biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir və bu istiqamətdə ciddi işlər aparılır. Bu gün Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir.
Bu gün Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Bununla bağlı əlavə maliyyələşmə tələb olunacaq və ölkəmiz buna hazırdır. Həmçinin Azərbaycanda yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavat, qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur.
Keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue FutureIndustries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var.
Prezident qeyd etdi ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm. O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib. Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil.
Bu Forum həm bizim üçün, həm də digər dövlətlər üçün yaranmış problemlərdən çıxış yollarının tapılması, bu yolda birlikdə addımların atılması baxımından önəmlidir. Keçirilən həm ikitərəfli görüşlər, həm də panel iclasları ölkəmizin gələcək inkişafı, Azərbaycanın regionda, həmçinin beynəlxalq müstəvidə nüfuzunun daha da artması baxımından çox əhəmiyyətlidir.
Qəniyeva Şəhla,
Xəzər rayonu H. İskəndərov adına 206 nömrəli tam orta məktəbin müəllimi