Elm və TəhsilGündəm

Doktoranturaya qəbulda dil sertifikatları ilə bağlı narahatlıq: Namizədlər hüquqi əsasların açıqlanmasını tələb edirlər

Doktoranturaya qəbul üçün sənəd qəbulu və seçim mərhələsinin başa çatmasına az vaxt qaldığı bir vaxtda yüzlərlə namizəd beynəlxalq dil sertifikatlarının tanınması ilə bağlı tətbiq olunan prosedurlar ətrafında yaranmış qeyri-müəyyənlikdən narahat olduğunu bildirir.

Aktualinfo Media Qrup xəbər verir ki, namizədlərin sözlərinə görə, aidiyyəti dövlət qurumlarına çoxsaylı fərdi və kollektiv müraciətlər ünvanlansa da, əsas hüquqi suallara normativ hüquqi aktlara əsaslanan aydın cavab verilməyib.

Müzakirələrin əsas mövzusu qüvvədə olan beynəlxalq dil sertifikatına malik şəxslər üçün tətbiq edilən əlavə qiymətləndirmə prosedurunun hansı hüquqi əsaslara söykəndiyi ilə bağlıdır. Namizədlər bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən dövlət orqanları yalnız qanunla müəyyən edilmiş qaydada fəaliyyət göstərə bilər və vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmayan tələbləri yerinə yetirməyə məcbur edilə bilməz.

Onlar həmçinin diqqətə çatdırırlar ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən hüquq və vəzifələrə təsir göstərən qaydalar normativ hüquqi aktlarla müəyyən edilməli, ictimaiyyət üçün əlçatan və aydın olmalıdır.

Namizədlər qeyd edirlər ki, Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Fəlsəfə doktoru imtahanlarının keçirilməsi Qaydaları”na əsasən CEFR üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına malik şəxslər xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad edilir. Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin doktoranturaya qəbul qaydalarında da qüvvədə olan beynəlxalq sertifikat sahiblərinin xarici dil imtahanından azad olunacağı və sertifikatların ekvivalentliyinin müəyyən ediləcəyi göstərilir.

Bununla belə, namizədlərin iddiasına görə, mövcud normativ sənədlərdə əlavə müsahibə, uzunmüddətli qiymətləndirmə və ya beynəlxalq sertifikat üzrə dil biliyinin yenidən yoxlanılması ilə bağlı açıq hüquqi norma mövcud deyil. Onların sözlərinə görə, tətbiq olunan prosedurun qəbul elanları və daxili qaydalar əsasında həyata keçirildiyi bildirilir.

Narazılıq doğuran məsələlərdən biri də qiymətləndirmənin keçirilmə forması ilə bağlıdır. Namizədlər bildirirlər ki, əvvəlcədən qısa yoxlama olacağı deyilsə də, bəzi hallarda onlar saatlarla davam edən şifahi və yazılı qiymətləndirməyə cəlb olunurlar. Onların fikrincə, beynəlxalq sertifikatın əldə olunmasından aylar sonra aparılan belə qiymətləndirmənin həmin sertifikatın hüquqi nəticələrinə təsir göstərməsi suallar yaradır.

Bundan əlavə, namizədlər qiymətləndirmə meyarları, qərarların qəbul olunma qaydası, apellyasiya mexanizmi və prosedurun hüquqi əsasları barədə əvvəlcədən tam məlumat verilmədiyini bildirərək bunun qəbul prosesinin şəffaflığı və hüquqi müəyyənliyi baxımından narahatlıq doğurduğunu qeyd edirlər.

Namizədlər İnzibati Prosessual Məcəllənin 33-cü maddəsinə istinad edərək hesab edirlər ki, inzibati qərarlar hüquqi əsaslandırılmış olmalı və tətbiq edilən hər bir prosedurun normativ bazası açıq şəkildə izah edilməlidir.

Bu çərçivədə onlar aidiyyəti dövlət qurumlarını aşağıdakı suallara hüquqi əsaslara söykənən cavab verməyə çağırırlar:

– Əlavə qiymətləndirmə hansı normativ hüquqi aktla müəyyən edilib?
– Bu prosedurun tətbiqi üçün hüquqi səlahiyyət hansı sənəddən irəli gəlir?
– Qüvvədə olan beynəlxalq sertifikatın hüquqi nəticələri hansı əsasla əlavə qiymətləndirmədən asılı vəziyyətə salınır?
– Hüquqi müəyyənlik və qanuni gözlənti prinsipləri necə təmin olunur?

Namizədlərin fikrincə, doktoranturaya qəbul kimi ölkənin elmi potensialının formalaşmasına təsir göstərən mühüm prosesdə hüquqi müəyyənlik, şəffaflıq və qanunçuluq prinsiplərinin tam təmin edilməsi həm vətəndaşların hüquqlarının qorunması, həm də dövlət institutlarına ictimai etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Oxşar Xəbərlər

Back to top button