
12 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Hər bir rəhbər vəzifəli şəxs xalqa xidmət etməyi özünün əsas missiyası hesab etməli olduğunu bildirən cənab prezident eyni zamanda xatırlatdıb ki, “xalqa yaxın olmaq, xalqla bir yerdə olmaq” idarəçiliyin başlıca qayəsidir. Bu, Prezidentin illərdir davam etdirdiyi “xalq dövləti” modelinin praktik ifadəsidir. Məhz bu prinsip sayəsində dövlət orqanları ilə vətəndaş arasında etimad körpüsü daha da möhkəmlənib.
İcra başçılarının qəbulu zamanı yeni təyinatlarla bağlı çıxış edərkən cənab prezident yüksək etimad göstərildiyini bildirərək – “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz. Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” kimi əsas mesajları ötürmüşdür.
Hər zaman xalqın yanında olduğunu əyani şəkildə göstərən, bununla da məmurlara örnək olan cənab prezident bildirmişdir ki, rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir.
Son illər ölkə infrastrukturunda görülən irimiqyaslı işlərdən söhbət açan cənab prezident qeyd etmişdir ki, Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır.
Prezident İlham Əliyev, eyni zamanda, hazırkı yeni çağırışlar kontekstində bölgələrdə iş yerlərinin yaradılması, işgüzar mühitin formalaşdırılması sahibkarların fəaliyyətinin və onların təşəbbüslərinin dəstəklənməsinin vacib olduğunu vurğulayaraq, bu istiqamətə mühüm addımların atılmalı olmasının zəruriliyindən danışdı. Onu da qeyd etdi ki, Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir.
Dövlətimizin başçısı ölkəmizdə həyata keçirilən dərin islahatların yeni şərtlərlə formalaşdırıldığını və bu imkanların yaratdığı yeni fürsətlərin lazımınca qiymətləndirilməsinin vacibliyini qeyd edərək məmur ordusu qarşısında necə böyük vəzifələrin dayandığını, onların uğurlu həllinin isə sosial-iqtisadi inkişafımıza necə böyük töhfələr verə biləcəyini bir daha bəyan etmişdir
Rəşad Rəhimov
Xəzər rayonu, 216 nömrəli tam orta məktəbin müəllimi



