AnalitikaGündəmSiyasət

Dövlət Suverenliyi Günü – Azərbaycanın ərazi bütövlüyünün və milli iradəsinin təntənəsi

Azərbaycan xalqının tarixində dövlətçilik, milli iradə və ərazi bütövlüyü anlayışları hər zaman xüsusi əhəmiyyət daşıyıb. Ölkəmizin müstəqillik tarixində əldə olunan ən mühüm nailiyyətlərdən biri də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin olunmasıdır. Dövlət Suverenliyi Günü məhz bu tarixi reallığın, xalqımızın milli iradəsinin və dövlətimizin gücünün ifadəsi kimi mühüm siyasi-tarixi məna daşıyır. Bu əlamətdar gün Azərbaycanın uzun illər ərzində qarşıya qoyduğu strateji məqsədə – ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olmasının təcəssümüdür. Bu gün Azərbaycan xəritəsinə bütöv şəkildə nəzər salarkən, dövlətimizin bütün ərazilərində üçrəngli bayrağımızın dalğalanması xalqımız üçün böyük qürur mənbəyidir.

Dövlət suverenliyinin bərpası uzun və mürəkkəb tarixi prosesin nəticəsidir. Azərbaycan müstəqilliyinin ilk illərində ciddi siyasi, iqtisadi və hərbi çətinliklərlə üzləşsə də, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacardı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin təmin olunması və milli maraqların ardıcıl müdafiəsi istiqamətində mühüm addımlar atıldı. Sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi, hərbi və diplomatik imkanlarını davamlı şəkildə gücləndirdi. Güclü dövlət, güclü ordu və milli həmrəylik ölkəmizin qarşısında duran tarixi vəzifələrin həyata keçirilməsi üçün möhkəm zəmin formalaşdırdı.

2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Azərbaycan Ordusunun göstərdiyi şücaət nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Bu hadisə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Artıq Qarabağ və Şərqi Zəngəzur yalnız tarixi yaddaşımızın deyil, Azərbaycanın sürətlə yenilənən və gələcəyə istiqamətlənən inkişaf məkanlarının ayrılmaz hissəsidir.

Suverenliyin tam bərpası ilə qarşıda yeni və mühüm vəzifələr meydana çıxıb. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən salınması, müasir infrastrukturun yaradılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri Böyük Qayıdış proqramının ardıcıl şəkildə reallaşdırıldığını göstərir. Doğma torpaqlarından məcburi köçkün düşmüş insanların öz yurdlarına qayıtması tarixi ədalətin bərpasının mühüm göstəricisidir. Burada qurulan yeni yaşayış məntəqələri, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər Azərbaycanın öz gələcəyini necə gördüyünün bariz nümunəsidir.

Dövlət Suverenliyi Günü həm də milli birlik və həmrəyliyin əhəmiyyətini bir daha xatırladır. Azərbaycanın qazandığı tarixi nəticələrin arxasında xalqımızın dövlətçilik iradəsi, ordumuza inamı və milli maraqlar ətrafında birliyi dayanır. Bu birlik Azərbaycan dövlətinin ən böyük dayaqlarından biridir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası xalqımızın milli yaddaşında xüsusi yer tutan hadisəyə çevrilib. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı və hərbçilərimizin qəhrəmanlığı bu tarixin ayrılmaz hissəsidir. Onların Vətən qarşısındakı xidmətləri heç vaxt unudulmayacaq və gələcək nəsillər üçün dövlətə, torpağa və milli dəyərlərə bağlılığın nümunəsi olacaq.

Azərbaycanın tam suverenliyinin təmin olunması ölkəmizin beynəlxalq mövqeyinə də yeni imkanlar açıb. Bu gün Azərbaycan regional layihələrdə, nəqliyyat və enerji əməkdaşlığında, beynəlxalq və regional təşkilatlarla münasibətlərdə fəal tərəfdaş kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Zəngəzur dəhlizi istiqamətində müzakirələr, yeni nəqliyyat bağlantılarının yaradılması regionun gələcək inkişafında Azərbaycanın rolunu artıran amillərdəndir. Dövlət suverenliyi yalnız ərazi üzərində hüququn təmin olunması deyil, həm də ölkənin öz siyasi, iqtisadi və sosial inkişaf yolunu sərbəst müəyyən etmək imkanına malik olmasıdır. Azərbaycanın bugünkü inkişafı bu prinsipin dövlət siyasətində mühüm yer tutduğunu nümayiş etdirir.

Dövlət Suverenliyi Günü xalqımız üçün həm qürur, həm də məsuliyyət günüdür. Suverenliyin qorunması onun əldə olunması qədər mühüm vəzifədir. Bu baxımdan dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli dəyərlərin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi hər bir vətəndaşın üzərinə düşən mühüm məsuliyyətdir. Azərbaycan xalqı artıq öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi gələcəyə inamla addımlayır. Dövlət Suverenliyi Günü bu tarixi nailiyyətin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi və müstəqil Azərbaycanın gələcək inkişafına inamın ifadəsidir. Bu gün Azərbaycanın bütövlüyü, dövlət bayrağımızın ölkəmizin bütün guşələrində dalğalanması və xalqımızın vahid amal ətrafında birliyi milli tariximizin mühüm səhifələrindən biri kimi daim yaşayacaq.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button