
Azərbaycan gəncliyi ölkənin gələcəyini formalaşdıran əsas qüvvədir. Gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakı, onların intellektual və mənəvi potensialının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu baxımdan 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması təsadüfi deyil. 1997-ci il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan gənclərinin I Forumu ölkədə gənclər siyasətinin formalaşmasında mühüm mərhələ oldu. Həmin forumda gənclərin problemləri, təhsil, məşğulluq, sosial müdafiə və vətənpərvərlik məsələləri geniş müzakirə edildi. Elə həmin ilin sonunda Ulu Öndərin imzaladığı sərəncamla 2 fevral Azərbaycan Gəncləri Günü elan olundu. Bu qərar gəncliyə verilən yüksək dəyərin və etimadın bariz nümunəsi idi.
Heydər Əliyev gəncləri cəmiyyətin aparıcı qüvvəsi kimi qiymətləndirir, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakını vacib sayırdı. Onun təşəbbüsü ilə gənclərin təhsili, xaricdə oxuması, istedadlı gənclərin üzə çıxarılması üçün mühüm addımlar atıldı. Gənclər təşkilatlarının formalaşması, dövlət strukturlarında gənclərin təmsil olunması məhz həmin dövrdə sistemli xarakter aldı. Ulu Öndərin “Gənclər bizim gələcəyimizdir” fikri sadəcə bir şüar deyil, həyata keçirilən ardıcıl siyasətin ideoloji əsasına çevrildi. Bu siyasət bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə gənclər siyasəti daha da genişləndirildi və müasir çağırışlara uyğunlaşdırıldı. Gənclərin təhsili, məşğulluğu, innovasiya və sahibkarlıq sahəsində fəaliyyəti dövlət səviyyəsində dəstəklənir. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” və sonrakı dövlət proqramları gənclərin hərtərəfli inkişafına xidmət edir. Xaricdə təhsil proqramları, startap layihələrinə dəstək, könüllülük hərəkatının inkişafı, gənclərin dövlət idarəçiliyinə cəlb olunması bu siyasətin mühüm istiqamətlərindəndir. Xüsusilə könüllülük institutu gənclərin sosial məsuliyyət hissinin formalaşmasında mühüm rol oynayır. 44 günlük Vətən müharibəsi isə Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu, dövlətə və xalqa bağlılığını bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında şücaət göstərən əsgər və zabitlərin böyük əksəriyyəti məhz müasir Azərbaycan gəncliyinin nümayəndələri idi.
Azərbaycan dövlətinin gənclər siyasətində prioritet istiqamətlərdən biri gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına dəstək göstərilməsidir. Dövlət proqramları çərçivəsində yüzlərlə gənc dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı əldə etmişdir. Bu təşəbbüs gənclərin bilik və bacarıqlarının artırılmasına, müasir elmi nailiyyətlərin ölkəyə gətirilməsinə xidmət edir. Xaricdə təhsil alan gənclər əldə etdikləri bilik və təcrübəni gələcəkdə Azərbaycanın inkişafı naminə tətbiq edərək ölkənin intellektual potensialının güclənməsinə töhfə verirlər.
Tələbə gənclərlə iş dövlət gənclər siyasətinin mühüm tərkib hissəsidir. Təhsil müəssisələrində yaradılan tələbə təşkilatları, gənclər birlikləri gənclərin ictimai fəallığının artırılmasına şərait yaradır. Dövlət tərəfindən tələbələrin sosial müdafiəsinin gücləndirilməsi, təqaüd proqramlarının genişləndirilməsi və yataqxana şəraitinin yaxşılaşdırılması bu sahədə atılan mühüm addımlardandır. Bütün bunlar gənclərin təhsil prosesinə daha məsuliyyətlə yanaşmasına və öz potensiallarını tam reallaşdırmasına imkan verir. Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən Gənclər evləri gənclərin asudə vaxtının səmərəli təşkili və şəxsi inkişafı baxımından mühüm rol oynayır. Bu mərkəzlərdə keçirilən təlimlər, seminarlar, intellektual yarışlar və mədəni tədbirlər gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Xüsusilə regionlarda yaşayan gənclər üçün Gənclər evləri özünüifadə və ictimai həyata qoşulmaq baxımından əhəmiyyətli platformaya çevrilmişdir.
Azərbaycanda gənc idmançıların yetişdirilməsi və beynəlxalq arenada uğur qazanması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. İdman infrastrukturlarının yaradılması, müasir idman komplekslərinin inşası, məşq və yarışlar üçün yaradılan şərait gənclərin idmana marağını artırır. Gənc idmançıların beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər Azərbaycanın idman ölkəsi kimi tanınmasına mühüm töhfə verir. Dövlət tərəfindən göstərilən maddi və mənəvi dəstək onların peşəkar inkişafına güclü stimul yaradır. Bütün bu istiqamətlər – təhsil, sosial təminat, mədəniyyət, idman və ictimai fəallıq – vahid və ardıcıl dövlət gənclər siyasətinin tərkib hissəsidir. Bu siyasət gənclərin cəmiyyətin fəal üzvünə çevrilməsini, müstəqil düşüncəli, vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasını hədəfləyir.
Bu gün Azərbaycan gənci savadlı, dünyagörüşlü, milli-mənəvi dəyərlərə bağlı və eyni zamanda qlobal düşüncəyə malikdir. O, informasiya texnologiyalarını mənimsəyir, elmdə, mədəniyyətdə, idmanda və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir. Dövlətin yaratdığı imkanlardan düzgün istifadə edən gənclər ölkənin inkişafına real töhfə verirlər. Hazırda Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti təsadüfi və epizodik xarakter daşımır, uzunmüddətli strateji baxışa əsaslanır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilən bu siyasət gənclərin bilik, bacarıq və potensialının üzə çıxarılmasına yönəlib. Gənclərin təhsili, sosial müdafiəsi, idman və mədəni həyatda fəallığı, eləcə də dövlət idarəçiliyində təmsil olunması üçün yaradılan imkanlar onların gələcəyə daha inamla addımlamasına şərait yaradır.
Bugünkü Azərbaycan gənci milli-mənəvi dəyərlərə sadiq, müasir dünyagörüşə malik, vətənini sevən və onun inkişafı üçün məsuliyyət daşıyan bir nəsildir. Gənclər dövlətin onlara göstərdiyi etimadı əməli fəaliyyəti, əldə etdikləri nailiyyətlər və beynəlxalq arenada qazandıqları uğurlarla doğruldurlar. 2 Fevral – Azərbaycan Gəncləri Günü isə bu etimadın, diqqət və qayğının rəmzi olmaqla yanaşı, gənclərin üzərinə düşən tarixi məsuliyyəti də xatırladır. Güclü gənclik – güclü dövlət deməkdir və bu gün Azərbaycanın sabahı məhz savadlı, fəal və vətənpərvər gənclərin əlindədir.
Əhmədova Aytac,
Xəzər rayonu, 322 nömrəli tam orta məktəbin müəllimi



