
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” Prezident İlham Əliyev 31 dekabr 2015-ci il
Belə bir deyim var:”Dövlət xalq üçündür,xalq dövlət üçün yox.”Xalqın gözü tərəzidir.Xalq kimin ətrafında birləşibsə ,legitim lider odur. Hər bir dövlət qurmuş uğurlu siyasətçilər ,liderlər bilirlər ki,xalqın razılığı, millətin xeyir-duası ilə seçilən şəxslər uzunmüddətli uğur əldə edir. Hələ 1993-cü ildə kapitansız gəmi kimi ləngər vuran ölkəmizin ağır günlərində özünü millətin harayına çatdıran dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan adlı böyük ,qədim bir məmləkətin lideri oldu. Onun uzaqgörən ,uğurlu siyasətinin varisi olan İlham Əliyev 2003-cü ildən bu günə kimi layiqincə davam etdirir.2003-cü ilin 15 oktyabr tarixində keçilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Məhz bu addım nəticəsində xalqımız bu gün böyük rifah içərisində ,Bütöv Azərbaycan olaraq qürurla yaşayır. Stalin demişkən :”Azərbaycan iri addımlarla irəliləyir”
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciəti :”Üzümü Sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli ,praqmatik düşüncəli ,müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən ,enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri ,planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Bu fikirləri oxuduqca H.Əliyevin nə qədər haqlı olduğuna ,uzaqgörənliyinə heyran qalmamaq olmur.Sanki gələcəyimizi görürmüş kimi…Sanki İlham Əliyevin yaralı Qarabağımızın üstündəki qara buludları yarıb ağ günə çıxaracağını ,alnına yazılmış 30 illik qara bəxtini xoşbəxtliklə əvəz etdirəcəyini bilirmiş kimi…Məhz İlham Əliyevin qətiyyətli addımı, uğurlu siyasəti,iti düşüncəsi ,ordumuza ,əsgərimizə ,xalqımıza qarşı səmimi dəstəyi nəticəsində 2020-ci ildə bütün dünya Azərbaycan xalqının düyünlənmiş yumruğunun gücünü gördü və “Qarabağ Azərbaycandır!” nidasını eşitdi.
Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur.Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi ,əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək , Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir.Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.Onun dünya liderləri ilə birgə sammitlərdə ,görüşlərdə çıxışları ,dünyanın məşhur jurnalist və media nümayəndələrinə verdiyi müsahibələri dünyada bir çox dövlətlər tərəfindən hər dəfə böyük maraq və heyranlıqla izlənilir.Onun yüksək intellekti,dil bacarığı, sözlərdən düzgün istifadə edərək ,əsl siyasətci cavabları insanları heyrətləndirir. Belə bir siyasi liderə sahib olan Azərbaycan xalqını da qürurlandırır. H.Əliyev də belə natiqlik bacarığına malik idi. Hələ o zaman Türkiyənin baş naziri olmuş Tansu Çillər dahi şəxsiyyət H.Əliyev haqqında demişdi :”Mən hər dəfə Heydər Əliyevlə görüşəndə sanki bir universitet bitirirəm” .
2003-cü ildən bu günədək Azərbaycan tarixinin inkişafı İlham Əliyevin adı ilə bağlıdır.Onun siyasətinin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında ,güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır.Azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinə şəxsən nəzarət etməklə xalqının rifahı üçün hər şey etdiyini sübut etdi.
Bu gün “Biz birlikdə güclüyük “ ,-deyən layiqli Vətən oğlu İlham Əliyevin ətrafında xalqımız daha möhkəm birləşib və onun hər addımını dəstəkləyir. Bu dəstək, bu birlik heç bir zaman sarsılmayacaq. Sarsılmayacaq ki,Vətənimiz də daim var olsun.
Mənsimova Elnurə,
Xəzər rayonu, F.Gözəlov adına 124 N-li tam orta məktəbin müəllimi



