Analitika

Əməkdaşlıq üçün çox gözəl siyasi platforma qurulub

Mərkəzi və Şərqi Asiyada böyük bir dövlət olan Çin tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi və təsiri olan ölkə kimi diqqəti cəlb etmişdir. Onunla qədim sivilizasiyalardan biri hesab edilən, Çindən məsafəcə uzaqda yerləşən Azərbaycan arasında mədəni əlaqələrin tarixi qədimlərə təsadüf edir. Aralarında məsafə uzaqlığına baxmayaraq hər iki ölkə arasındakı mədəni münasibətlərin təşəkkülü eramızdan əvvəllərə gedib çıxır. E.ə. II əsrin əvəllərindən başlayaraq Azərbaycan Şərqi Asiya ölkələrinin Qərblə beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə onun bu ölkələrlə ticarət, iqtisadi sahələrdə olduğu kimi mədəni sahədə də əlaqələr yaratmasına geniş imkanlar açılmışdır.

1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması və 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətlərinin müasir mərhələsi başlayıb. Çin 1992-ci ildə Bakıda, Azərbaycan isə 1993-cü ildə Pekində səfirlik açıb. Yüksək səviyyəli səfərlər 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri ilə başlayıb. Prezident İlham Əliyev isə Çinə 2 dəfə (2005, 2015) rəsmi səfər edib və 3 dəfə müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə iştirak etmək üçün bu ölkəyə gedib. Çindən xarici işlər naziri səviyyəsində Azərbaycana 4 dəfə (1996, 2004, 2010 və 2019) səfər olub.

Azərbaycan-Çin dövlətlərarası münasibətlərində iqtisadi aspekt ön plandadır. Ümumən məlumdur ki, Çinin xarici siyasəti daha çox ölkənin iqtisadi maraqlarını qlobal miqyasda təmin etməyə yönəlib. Çin özünə aid konflikt situasiyaları (Tayvan boğazı, Cənubi Çin dənizi) istisna olmaqla, dünyadakı münaqişələrə adətən müdaxilə etmir, onların həllində rol almır və öz nüfuzunu iqtisadi alətlərlə, “yumşaq güc” üsulları ilə yaymağa çalışır. 2013-cü ildə Çin lideri Si Tszinpin tərəfindən irəli sürülən məşhur “Bir kəmər – bir yol” təşəbbüsü də bu çərçivədə qiymətləndirilməlidir. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan Çinin bu meqa-layihəsini dəstəkləyən ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bu Memorandum iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün istiqamətlər müəyyən edib. Azərbaycan tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat-infrstruktur layihələri Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır, bu isə Çindən Avropaya yük daşımaları üçün yeni marşrutdur. Hesab edirAzərbaycan hesab edir ki, bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. 2015-ci ilin avqustunda Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatarla yük daşınıb.

Ötən müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədədir və tərəflər bir sıra strateji sahələrdə məhsuldar əməkdaşlıq edirlər. Xüsusilə də ulu öndər Heydər Əliyevin Çinə uğurlu səfərindən sonra iki ölkə arasında münasibətlər intensivləşmiş və əlaqələrin spektri genişlənmişdir. “Sinxua” agentliyinə müsahibəsində Prezident İlham Əliyev bu məqama toxunaraq bildirmişdi ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyev Çinə səfər etmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur. “Həmin vaxtdan bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Azərbaycan və Çin dost ölkələrdir. Mənim Çinə 2005-ci ildəki rəsmi və 2015-ci ildəki dövlət səfərlərim ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirməklə yanaşı, birgə iradəmizi bir daha təsdiq etdi”, – deyən dövlət başçısı əlavə etmişdir ki, iki ölkə arasında fəal siyasi təmaslar mövcuddur. 

Ölkə başçısının ÇXR Sədri Si Cinpin ilə görüşündə də iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu məmnuniyyətlə vurğulanmışdır. Azərbaycanın “Bir kəmər, bir yol” forumunda iştirak etməyə dəvət olunmasını yüksək qiymətləndirən Prezident İlham Əliyev bunu Azərbaycana xüsusi hörmət, özünə münasibətdə dostluq əlaməti hesab etdiyini açıqlamışdır: “Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik”, – deyən ölkə başçısı əlavə etmişdir ki, “Bir kəmər, bir yol” forumunun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir.

Bu il isə artıq bu layihənin 10 ili tamam olur. Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində bu layihəni belə dəyərləndirmişdir:” Əvvəla, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik”.

ÇXR Sədri Si Cinpin də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirmiş və Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğuladığını bir daha açıqlamışdır. Göründüyü kimi, tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəkləri Azərbaycan-Çin münasibətlərinin perspektivini parlaq edir və ölkələr arasında əlaqələrin günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir.

Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə Azərbaycan Çin münasibətlərinin parlaq gələcəyinə böyük inam doğurur:

Müxbir: Cənab Prezident, bu məlumatı paylaşdığınız üçün çox sağ olun. Azərbaycan və Çin haqqında danışarkən söhbət təkcə müzakirələrdən yox, praktiki fəaliyyətdən də gedir. Bu da yüksək qiymətləndirilir və hətta deyərdim ki, bizi heyran edir. Azərbaycanı və Çini bir-birinə daha uzun müddətə dayanıqlı şəkildə yaxınlaşdıracaq əməkdaşlıq fəaliyyətini necə görürsünüz?

Prezident İlham Əliyev: Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var.

Müxbir: Başa düşürəm ki, infrastruktur, enerji və tikinti sahələrində investisiyalarla bağlı çoxlu müzakirələr və praktiki addımlar olub. Məsələn, Azərbaycanda fəaliyyət göstərən Çin şirkətləri tərəfindən. Bəs onlar və ölkənizə gələn digər investorlar üçün hansı siyasəti təmin edirsiniz?

Prezident İlham Əliyev: Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq. Lakin, biz investorları gəlməyə məcbur edə bilmərik. Biz yalnız…

Müxbir: Dəvət edə bilərsiniz?

Prezident İlham Əliyev: Dəvət edə bilərik. Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir və ölkə başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaratmışdır. Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyev bildirmişdir ki, Çinlə əlaqələr Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək və güclənəcəkdir.

Fəridə Əliyeva,
Xəzər rayonu, 122 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button