Ermənistan beynəlxalq hüququ pozaraq 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı

18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı öz işinə başladı. Bu konfrans önəmli görüşlər, bəyanatlar, çıxışlarla yaddaşda qaldı. Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürdülər.
Ölkə başçısı İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Azərbaycan-Ermənistan münasibətlərinə, sülh prosesinin necə inkişaf etməli olduğuna, bölgədə gedən proseslərin ölkələrin ticarətində törətdiyi əngəllərə, müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına dair dəyərli fikirlər səsləndirmişdi.
Cənab Prezident müharibə, onun fəsadlarına dair mövzuya nitqində geniş yer ayırmışdı. İlham Əliyev bu kəlmələrində Azərbaycanın, xalqımızın bu prosesə yanaşma xüsusiyyətlərini açıq-aşkar bəyan etmişdi. Ölkə başçısı nitqində: “Azərbaycan xalqı müharibənin nə olduğunu bilir. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə Avrasiyada sülhün bərqərar olmasını istəyirik” – deyə vurğuladı.
Ölkəmizin, xalqımızın heç bir zaman müharibə tərəfdarı olmadığını, lakin təcavözkar tərəfin 30 il boyunca qəbul edilmiş aktlara rəğmən öz fikirlərindən dönməməsi, atəşkəs haqqında imzalanmış müqavilənin tələblərini pozaraq davamlı şəkildə mövqelərimizi atəşə tutması müharibənin qaçınılmaz olduğu gərçəyini dəyişdirmədi. Biz BMT Təhlükəsizlik Şurasının, Minsk qrupunun Ermənistanın bu hərəkətlərinə qarşı sanksiyalar tətbiq edəcəyini gözləyərkən tam fərqli bir situatsiya ilə qarşılaşdıq. Heç bir sanksiya tətbiq olunmadı, münaqişə sadəcə donduruldu. Vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq Ermənistana, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüş zamanı Prezidentimiz 44 günlük möhtəşəm zəfərimizdən də bəhs etdi: “Ərazi bütövlüyünü və ədaləti bərpa etmək, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Torpağımızın işğalı, bir milyon azərbaycanlını evindən didərgin salması, 67 məsciddən 65-nin dağıtması və onları təhqir etməsi – bütün bunlar qonşularımız tərəfindən edilib” Azərbaycan oğullarının qəhrəmancasına vuruşmağına, xalqımızın “Dəmir yumruq” ətrafında möhkəm birləşməyinə, uşaqdan-böyüyə hər kəsin qəlbinin cəbhə ilə döyünməsinə və ən önəmlisi Ermənistan ordusunda 44 günlük müharibə zamanı fərarilərin sayı 11 minə çatmışdı. Azərbaycan ordusunda tək bir nəfər belə fərari olmamasını da prezidentimiz xüsusilə vurğuladığı məqamlardandır. Təbii ki, bu fərarilərinin olmasının əsas səbəbini prezidentimizin çıxışından gətirdiyim sitatla açıqlamaq istəyirəm: “44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı. Bu ona görə baş verdi ki, onların apardığı müharibə işğalçı müharibə idi. Ermənistanda doğulmuş insanlar üçün Azərbaycana gedib onlara aid olmayan torpaqdan ötrü müharibə etmək həvəsi yox idi”.
İlham Əliyev gənc, yenilikçi, vətənpərvər nəsil haqqında da çıxışında bəhs edib. Qarabağı görməyən, lakin oranı sevən, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda şəhidlik zirvəsinə ucalan möhtəşəm nəsil yetişib. Bu, Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsildir: “Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi”-deyə Azərbaycan gəncliyindən böyük qürurla bəhs etdi.
Cənab Prezident Qarabağda yaşayan ermənilərin taleyinin necə olacağına dair qaranlıq məqamlara aydınlıq gətirdi. Çıxışında xüsusilə vurğuladı ki, artıq Dağlıq Qarabağ ifadəsi, bu cür anlayış qətiyyən yoxdur: “Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var” – qeyd etdi. Ölkə başçısı İlham Əliyev Rəsmi Bakının Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu vurğuladı. “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar” – deyə qeyd etdi.
İlham Əliyev çıxışında Ermənistan hökumətini və xalqını sülhə səslədi. “Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar” – deyə qeyd etdi. Bununla da Azərbaycanın sülh tərəfdaşı olduğunu, müharibəni istəmədiyi, regionda əbədi firavanlığa nail olmaq üçün səy göstərdiyini çıxışı ilə konfrans iştirakçılarına bildirdi.
Konfrans əsnasında keçirilmiş görüşdə diqqət çəkən digər bir məqam isə cənab Prezident İlham Əliyevin çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın hər zamankı özgüvənsiz halı diqqətdən yayınmadı. Bu da səbəbsiz deyildir. Hakimiyyətə xalqın sevgisi ilə gəlmiş, böyük siyasətçi – Heydər Əliyev məktəbi keçmiş, 44 günlük müharibədə balaca Ermənistanla deyil, onun havadarları ilə “vuruşmuş”, müharibənin sonunda dörd saata yaxın bir zaman ərzində dünya mediasına siyasət, hərb, insanlıq, vətənpərvərlik dərsi keçmiş əsl lider – İlham Əliyevin qarşısında əyləşib.
Sara Quliyeva,
Xəzər rayonu, 125 №li tam orta məktəbin müəllimi