Füzuli şəhərinin işğaldan azad olunması – tarixi Zəfərimiz

Füzuli şəhərinin işğaldan azad olunması Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Uzun illər işğal altında qalan bu şəhər 2020-ci ildə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində azad edildi. Bu qələbə xalqımızın böyük sevincinə səbəb oldu.
Füzuli şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində şəhərin infrastrukturu dağıdılmış, yaşayış evləri və mədəniyyət abidələri zərər görmüşdü. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur olmuşdu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. Azərbaycan Ordusu böyük əzmkarlıq və qəhrəmanlıq göstərərək düşmənin müdafiə mövqelərini yarıb irəlilədi. Oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi rəsmi olaraq elan edildi.
Füzulinin azad olunması hər bir azərbaycanlının qəlbində qürur hissi yaratdı. Bu qələbə şəhidlərimizin qanının yerdə qalmadığını və xalqımızın öz torpaqlarına qayıtmaq arzusunun gerçəkləşdiyini göstərdi. Azərbaycan əsgərinin igidliyi tariximizin şanlı səhifəsinə çevrildi.
Bu gün Füzuli şəhərində bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yollar, yaşayış məhəllələri və sosial obyektlər tikilir. Füzulinin azadlığı Azərbaycanın gücünün, birliyinin və qələbə əzminin rəmzi olaraq yaşayacaqdır.
Ruhən Hüseynova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Puşkin küçəsi, 19” ərazi partiya təşkilatının sədr müavini


