
2025-ci il aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvilini rəsmi səfərlə Bakıda qəbul edib. Görüşdən sonra hər iki liderin mətbuata verdiyi birgə bəyanat iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın daha da dərinləşdiyini nümayiş etdirdi.
Azərbaycan və Gürcüstan arasındakı münasibətlər əsrlərdən bəri formalaşmış dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanır. Bu ənənələrin bu gün də uğurla davam etdirildiyini vurğulayan dövlət başçısı, Azərbaycan ilə Gürcüstanın əməkdaşlığının regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığını qeyd etdi:
“Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Bu münasibətlər qarşılıqlı etimada, hörmətə və maraqların uzlaşdırılmasına əsaslanır. Bu gün verdiyimiz bəyanatlar bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri bölgədə nümunəvi xarakter daşıyır.”
Görüş zamanı enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirildi. İlham Əliyev Azərbaycan və Gürcüstanın həyata keçirdiyi regional layihələrin – xüsusilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizinin – təkcə iki ölkə üçün deyil, Avropa üçün də əhəmiyyətli olduğunu vurğuladı. Gürcüstan Azərbaycanın əsas tranzit tərəfdaşına çevrilib və bu əməkdaşlıq hər iki ölkənin iqtisadi inkişafına xidmət edir.
Prezident Mixeil Kavelaşvili isə çıxışında Azərbaycanın regional güc mərkəzi kimi artan rolunu yüksək qiymətləndirdi. O, qeyd etdi ki, Gürcüstan Azərbaycanla əməkdaşlığı strateji xətt olaraq görür və bu münasibətlərin daha da möhkəmləndirilməsində maraqlıdır: “Azərbaycanın inkişaf yolu və uğurlu xarici siyasəti Gürcüstan üçün nümunədir. Biz iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə qərarlıyıq.”
Hər iki dövlət başçısı iqtisadiyyat, energetika, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret planlar barədə razılığa gəldiklərini qeyd etdilər. Prezidentlər qarşılıqlı səfərlərin intensivləşdirilməsi, biznes forumların təşkili və gənclər arasında təhsil mübadilələrinin artırılmasını da planlaşdırdıqlarını açıqladılar.
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi