
Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi yazılmış 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Həmin Qanlı Yanvar hadisələrindən 36 il ötür.
1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan münaqişə XIX-XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Bununla da, Ulu öndər Heydər Əliyevin qətiyyəti və ardıcıl mübarizəsindən sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildi.
Ümummilli Lider 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onlarin ailələrinə dövlət qayğısının gücləndirilməsini daim diqqətdə saxlayırdı. Heydər Əliyev hər il yanvar ayının 20-də Şəhidlər xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşərək onların problemləri ilə maraqlanır, həlli ilə bağlı müvafiq göstərişlərini verirdi.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hər il 20 Yanvar faciəsi geniş qeyd edilir. Azərbaycanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlər – konfrans və yığıncaqların, mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında 20 Yanvar faciəsi barədə materialların verilməsi təmin edilir. Azərbaycan xalqı öz qəhrəman övladlarının əziz xatirəsini daim uca tutur və dərin ehtiramla yad edir.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



