Analitika

Heydər Əliyevin ən böyük tarixi xidməti Azərbaycan dövlətçiliyini yenidən bərpa etməsi idi

Ulu öndər Heydər Əliyevin  dövlət və xalq qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin gələcək  tərəqqisinin əsası oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı.  Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Dahi lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.“Heydər Əliyev İli” çərçivəsində mütəmadi olaraq ümummilli liderin səhiyyə, təhsil, mədəniyyət, eləcə də digər sahələrdə gördüyü işlər barədə yazılar təqdim edilir. Bu dəfə isə ulu öndərin dövlətçilik haqqında söylədiyi fikirdə bildirmişdir.“Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” “Heydər Əliyev İli”ndə Ümummilli Liderin fəaliyyətinin siyasi-fəlsəfi miqyası və missiyasının mahiyyəti dərindən və hərtərəfli surətdə tədqiq edilərək araşdırılmalıdır. Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli simalarındandır. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz şəxsiyyət liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdir. Gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı!Hamıya yaxşı məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunur. Dünyanın məşhur şəxsiyyətləri, böyük siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik sahəsindəki müstəsna istedadını və böyük siyasətdəki xüsusi məharətini yüksək qiymətləndirmişlər. Amerikanın keçmiş Prezidenti Bill Klintonun Heydər Əliyevə “dünyanı idarə etməyi bacaran görkəmli bir siyasi xadim” kimi yüksək qiymət verməsi, Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti Süleyman Dəmirəlin bu böyük dövlət xadiminin “bütün türk dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri” olduğunu bəyan etməsi bunun əyani sübutudur.Heydər Əliyev yeni tarixi epoxada Azərbaycanın dövlət müstəqilliyinin banisi, qüdrətli xilaskarı və böyük qurucusu olan tarixi şəxsiyyətdir.Ulu öndər Heydər Əliyev Naxçıvan şəhərində Mömünə xatun məqbərəsini ziyarət edərkən bu sözləri söyləyib: Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik o qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması barədə qərar qəbul edə bilərdilərmi?” Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir”.Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan azərbaycançılıq təliminə də yenidən və daha əsaslı şəkildə elmi baxışa ehtiyac vardır. Uzaqgörən dövlət xadimi, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq təliminin təməllərini hələ sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik etdiyi dövrdə formalaşdırmışdır. Bu mənada yeni dövlət müstəqilliyi qazanmış digər respublikalarla müqayisədə dövlətçilik ideologiyasının yenidən müəyyən edilməsi baxımından Azərbaycan Respublikası bir addım qabaqda olmuşdur. Ona görə də, azərbaycançılıq ideologiyasının formalaşdırılmasının Ulu Öndər Heydər Əliyev modeli kompleks şəkildə öyrənilməli, ümumiləşdirilmiş əsaslı nəticələr çıxarılmalıdır.2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin Sərəncamı əsasında 2023-cü ilin “Heydər Əliyev İli” kimi keçirilməsi cox məqsədəuygundur və inaniriq ki, respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir.

Aynur Həsənova ,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button