AnalitikaGündəmSiyasət

İki ölkə arasında inkişaf edən münasibətlər

Müasir dövrdə Azərbaycanın  ikitərəfli və çoxtərəfli müstəvidə sıx dostluq və tərəfdaşlıq münasibətləri qurduğu ölkələrdən biri də Somali Federativ Respublikasıdır. Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Növbəti gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun  Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanat vermişdir. Prezident İlham Əliyev bəyanatda qeyd etmişdir ki, ”Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq.”

Bəyanatda dövlət başçısı, 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə somalili həmkarına məlumat verdiyini vurğulamış, Regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etmələrini, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha ifadə etmişdir. Dövlət başçısı İlham Əliyev, Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudla müzakirə etdikləri ən vacib məsələrdən birinin təhsil sahəsi olduğunu göstərərək, bu sahədə ilkin nailiyyətlər haqqında , Somalidən bir sıra tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil almasını, iki ölkə arasında imzalanmış sənədin onların  sayını artırmaq imkanı yaradacağını və bunun Somali iqtisadiyyatına fayda verəcəyini diqqətə çatdırmışdır.

Məlum olduğu kimi, Azərbaycan stabil inkişaf edən dövlət olaraq  donor ölkəyə çevrilmişdir. Prezident İlham Əliyev bəyanatda Somalidə sərmayə imkanlarını müzakirə etdiklərini, həmçinin kənd təsərrüfatı sahəsində nəzərəçarpacaq əməkdaşlığın qurula biləcəyini qeyd etmişdir. Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev, hökumətlər arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında imzalanmış sənədə toxunaraq, Azərbaycanın müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaratdığını, müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanlarını bildirmişdir. Həmçinin Prezident İlham Əliyev  bəyanatda vurğulamışdır ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır. Prezident İlham Əliyev Azərbaycanla Somali arasında  tərəfdaşlığın mühüm sahəsinin beynəlxalq təsisatlarda qarşılıqlı dəstək olduğunu bildirərək, BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda hər iki dövlətin bir-birinə dəstəyinin birmənalı olaraq davam etdirəcəklərinin vacibliyini vurğulamışdır.

İslam Ağayev,
Xəzər rayonu, 117 № li tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button