AnalitikaGündəmSiyasət

İlham Əliyevin Gürcüstan səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir

Azərbaycan–Gürcüstan dostluğu əsrlərin sınağından çıxaraq bu gün də öz möhkəmliyini qoruyub saxlayır. Tarix boyu eyni coğrafiyada yaşayan iki xalq arasında formalaşmış qarşılıqlı hörmət və etimad müasir dövlətlərarası əlaqələrin əsasını təşkil edir.

Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri iki ölkənin əlaqələrinin qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rola malik olduğunu təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində Gürcüstan Prezidenti  Mixeil Kavelaşvili ilə təkbətək, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşləri oldu. Prezidentlərin görüşündə Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan-Gürcüstan əlaqələri dinamik şəkildə, yüksələn xətt üzrə inkişaf edir. Bu tərəfdaşlıq təkcə iki ölkənin rifahına deyil, həm də bütün Cənubi Qafqazın sülh və əməkdaşlıq zonasına çevrilməsinə xidmət edir.

“Enerji və nəqliyyat sahələrində əməkdaşlıq strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstanın tranzit rolu mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutlarının inkişafı hər iki ölkənin regional logistika mərkəzinə çevrilməsi imkanlarını artırır. Bu amillər Cənubi Qafqazın beynəlxalq əhəmiyyətini daha da yüksəldir”, – deyə deputat vurğulayıb. Regional təhlükəsizlik və sülh məsələləri də müzakirələrin əsas istiqamətlərindən olub. Tərəflər Cənubi Qafqazda əməkdaşlıq mühitinin gücləndirilməsinin vacibliyini qeyd edərək, yeni geosiyasi reallıqların region üçün əlavə imkanlar yaratdığını bildiriblər. Bu baxımdan Azərbaycan-Gürcüstan tərəfdaşlığı həm iqtisadi, həm də siyasi sabitliyin möhkəmləndirilməsində mühüm rol oynayır.

“Ümumilikdə, səfər çərçivəsində aparılan müzakirələr və səsləndirilən fikirlər göstərir ki, iki ölkə arasında strateji tərəfdaşlıq daha da dərinləşir. Tarixi dostluq, qarşılıqlı dəstək və ortaq maraqlar üzərində qurulan bu münasibətlər gələcəkdə regionun inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək”, – deyə Müşfiq Məmmədli əminliyini ifadə edib.

Bu səfər həmçinin Avropa ilə Asiya arasında körpü rolunu oynayan Orta Dəhlizin inkişafına da müsbət təsir göstərir. Azərbaycanın və Gürcüstanın bu layihədə fəal iştirakı onların beynəlxalq iqtisadi sistemdə mövqelərini daha da gücləndirir. Prezident İlham Əliyevin Gürcüstan səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Səfər həm siyasi, həm iqtisadi, həm də regional baxımdan mühüm nəticələr doğurmuş və gələcək əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə regionun inkişafı və sabitliyi üçün mühüm rol oynamağa davam edəcəkdir.

 Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button