
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, ölkələrimizin dostluq təmaslarının hələ keçən əsrin 50-ci illərinin sonlarına təsadüf etdiyi vurğulanıb, həmin dövrdən etibarən Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə SSRİ rəhbərliyində olduğu zaman Vyetnama səfərləri məmnunluqla xatırlanıb.
Dövlətimizin başçısı özünün Vyetnama səfərinə toxunub, Baş katib To Lamın ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasını əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini vurğulayıb.
Söhbət zamanı Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsinin və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində əməli fəaliyyətin vacibliyi vurğulanıb.
Enerji və birgə investisiya layihələri müzakirə olunub, mədəni, humanitar sahələrdə əməkdaşlığın böyük perspektivinin olduğu qeyd edilib. Həmçinin müxtəlif sahələrdə təhlükəsizlik, müdafiə və kibercinayətkarlığa qarşı mübarizə sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, bütün sahələrdə təmasların artırılmasının vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin BMT, AQEM, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd edilib.
Hüseynova Aytən,
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının fəalı