
Müasir dövrdə dövlət suverenliyinin qorunması və bərpası yalnız səngərdə deyil, həm də qlobal informasiya məkanında aparılan gərgin mübarizədən asılıdır. 20 sentyabr 2023-cü il qələbəsinin əldə olunmasında həlledici amillərdən biri məhz Azərbaycanın informasiya müharibəsindəki təkzibedilməz üstünlüyü oldu. Bu üstünlüyün memarı isə hər zaman qlobal tribunalardan xalqımızın haqq səsini dünyaya çatdıran Prezident İlham Əliyevdir. Dövlət başçısının qurduğu strateji kommunikasiya xətti beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı formalaşdırılmağa çalışılan mənfi rəyləri darmadağın etdi.
İkinci Qarabağ müharibəsində olduğu kimi, antiterror tədbirlərinə qədər olan həssas dövrdə də Prezident İlham Əliyev dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələrdə, nüfuzlu beynəlxalq təşkilatların kürsülərindəki çıxışlarında separatçı xuntanın iç üzünü faktlarla açaraq göstərdi. O, böyük diplomatik ustalıqla və dəmir məntiqlə sübut etdi ki, Qarabağda baş verənlər hər hansı bir etnik məsələ deyil, bilavasitə terrorizmə qarşı mübarizə və dövlət suverenliyinin bərpası prosesidir. Prezident İlham Əliyev tərəfindən aparılan bu informasiya siyasəti xarici qüvvələrin ölkəmizə qarşı əsassız iddialar irəli sürməsinin qarşısını aldı.
Sentyabrın 19-da başlayan və cəmi 23 saat davam edən əməliyyat zamanı rəsmi Bakının şəffaf kommunikasiya siyasəti xüsusi diqqət çəkdi. Proseslərin gedişatı, mülki əhalinin qorunması üçün atılan addımlar barədə beynəlxalq ictimaiyyətin mütəmadi məlumatlandırılması Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş humanizm və beynəlxalq hüquqa hörmət prinsiplərinə tam uyğun idi. Bu şəffaflıq, düşmənin yaydığı dezinformasiyaları anında zərərsizləşdirərək, Azərbaycanın atdığı addımların tam legitim olduğunu bir daha təsdiqlədi.
20 Sentyabr – Dövlət Suverenliyi Günü həm də qlobal informasiya müstəvisində əldə etdiyimiz intellektual qələbənin təntənəsidir. Xalqımız əmindir ki, Prezident İlham Əliyev kimi qətiyyətli və siyasi cəhətdən hazırcavab Liderin rəhbərliyi altında Azərbaycanın dövlət maraqları ən yüksək tribunalarda hər zaman inamla, ləyaqətlə və peşəkarlıqla müdafiə olunacaqdır.
Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri



