İSB Bürolar Şurasının Daxili Reqlamentlər Komitəsində təmsil olunmaq hüququ qazanıb

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) Brüssel şəhərində yerləşən Bürolar Şurasının Daxili Reqlamentlər Komitəsinə növbəti dövr üçün keçirilən seçkilərdə uğurla iştirak edib.
İSB-dən Obyektivxeber.az-a bildirilib ki, seçkilərin nəticələrinə əsasən, qurum 11 səsdən 8-ni qazanaraq Cənub-Şərq Regional Qrupu üzrə Komitədə təmsil olunmaq hüququ əldə edib.
Daxili Reqlamentlər Komitəsi “Yaşıl Kart” sistemində bütün büroların qarşılıqlı fəaliyyətini, iş prinsiplərini və prosedurlarını tənzimləyən, həmçinin sistem üzrə qaydaların təkmilləşdirilməsini həyata keçirən strateji komitələrdən biridir. Bu təmsilçilik İSB-nin beynəlxalq əməkdaşlığının genişlənməsinə və “Yaşıl Kart” sistemi üzrə proseslərin daha effektiv koordinasiyasına mühüm töhfə verəcək.
Qeyd edək ki, Bürolar Şurası avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyasıdır və eyni zamanda “Yaşıl Kart Sistemi”nin inzibatçılığı və fəaliyyəti üzrə məsul olan idarəedici təşkilatdır. Şuranın əsas məqsədi “Yaşıl Kart Sistemi”nə daxil olan üzv ölkələrdə yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin müdafiəsini təmin etməkdir.
İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və “Beynəlxalq Yaşıl Kart” Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ilin yanvarın 1-dən etibarən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan yaşıl kartlarının satışı həyata keçirilir.



