Kəlbəcərdə yaşıl enerji potensialı – Azərbaycanın gələcəyinə töhfə
Azərbaycanın enerji strategiyasında bərpaolunan enerji mənbələrindən səmərəli istifadə xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərin, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində həyata keçirilən layihələr ölkəmizin uzunmüddətli enerji təhlükəsizliyinə xidmət edir. Kəlbəcər rayonu da zəngin su ehtiyatları və təbii-coğrafi xüsusiyyətləri ilə bu strategiyanın mühüm istiqamətlərindən biri hesab olunur.
Kəlbəcərin dağlıq relyefi, çayları və su ehtiyatları kiçik su elektrik stansiyalarının yaradılması üçün əlverişli imkanlar formalaşdırır. İşğal dövründə bölgənin təbii sərvətlərindən Azərbaycan xalqının mənafeyi naminə istifadə etmək mümkün deyildi. Azadlıqdan sonra isə bu potensialın araşdırılması və iqtisadi dövriyyəyə cəlb olunması üçün geniş imkanlar yarandı.
Prezident İlham Əliyevin tapşırıqları əsasında Kəlbəcərdə bir sıra kiçik su elektrik stansiyaları və enerji infrastrukturu obyektləri istismara verilib. Bu layihələr rayonun enerji təminatının gücləndirilməsi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji istehsalının genişləndirilməsinə də töhfə verir. Bərpaolunan enerji mənbələrindən istifadə Azərbaycanın ekoloji hədəfləri ilə də uzlaşır.
Yaşıl enerji layihələrinin əhəmiyyəti yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmır. Bu təşəbbüslər yeni texnologiyaların tətbiqinə, mütəxəssislər üçün iş imkanlarının yaranmasına və bölgənin iqtisadi potensialının genişlənməsinə şərait yaradır. Eyni zamanda, enerji infrastrukturunun gücləndirilməsi yeni yaşayış məntəqələrinin və istehsal müəssisələrinin dayanıqlı fəaliyyətinə imkan verir.
Kəlbəcərdə yaşıl enerji sahəsində görülən işlər Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu gün azad edilmiş torpaqlarımızda qurulan enerji infrastrukturu həm milli iqtisadiyyatın, həm də ekoloji təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Kəlbəcər Şəhəri Günü münasibətilə bölgənin enerji potensialının xalqımızın rifahına yönəldilməsi tarixi Zəfərin mühüm nəticələrindən biri kimi qiymətləndirilməlidir.
Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini



