Analitika

Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək

Bu qələbə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanıldı. Təbii ki, qələbəmizdə xalqımızın Prezidentimizə, ordumuza güclü dəstəyi, cəmiyyətimizdə yüksək vətənpərvərlik ruhu və milli birliyimiz, həmrəyliyimiz mühüm rol oynadı.44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu azad edildi. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hərbçilərimiz əsl qəhrəmanlıq nümunələri göstərdilər. Bu müqəddəs mübarizədə canını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik.Xatırladım ki, Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunmuşdu. Bu hadisə Şuşa şəhərinin işğal edilməsindən 10 gün sonra baş verdi. Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Düşmənlərimiz əsrlər boyu xalqımıza, torpaqlarımıza, tarixi, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandallığı son günlər bir daha təkrarladılar. Belə ki, Ağdamda və Kəlbəcərdə olduğu kimi, Laçını da tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu. Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun Ermənistan tərəfindən işğalından sonra qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçını da tərk edəndə təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Halbuki bu gün təhlükəsiz şəkildə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc sakin girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub. Bir sözlə, bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.İşğaldan azad olunan bütün rayonlarımız kimi Laçın rayonunda da geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Regionun sosial-iqtisadi həyatında özünəməxsus yeri olan Laçın çox mühüm coğrafi və strateji əhəmiyyətə malikdir. Laçın rayonunda inşa edilən hava limanı gələcəkdə regionun turizminə və iqtisadiyyatına çox müsbət təsir göstərəcəkdir. Görülən genişmiqyaslı layihələr Laçın rayonunda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır. Gələcəkdə Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək.

Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button