AnalitikaGündəmSiyasət

Laçın şəhəri günü

26 avqust ölkəmizdə tarixi ədalətin bərpasını simvolizə edən və əlamətdar günlərdən biri kimi qeyd olunur. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş şəhər günləri azad edilmiş ərazilərin dirçəlişini və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Laçın şəhəri günü 26 avqustda qeyd olunur və bu tarix Laçının azad olunmasını, Azərbaycan xalqının iradəsini və milli qürurunu təcəssüm etdirir. Vətən müharibəsində qazanılan Qələbə ilə 30 illik işğal sona çatdı.

Laçın hərbi-strateji və siyasi baxımdan vacib ərazi olub. 2020-ci il dekabrın 1-də Üçtərəfli Bəyanat əsasında rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə şəhər tam nəzarətə alındı. 2023-cü il apreldə sərhəd-keçid məntəqəsinin açılması dövlətin sərhədlərə tam nəzarətini və regionda təhlükəsizliyin gücləndirilməsini təmin etdi.

Bölgədə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində laçınlı ailələr öz torpaqlarına qayıdır. Müasir infrastruktur, yollar, məktəblər, xəstəxanalar və sosial obyektlər şəhərin yeni simasını formalaşdırır. Laçın Beynəlxalq Hava Limanı isə bölgənin iqtisadi və turizm potensialını genişləndirir.

Laçın artıq beynəlxalq mədəniyyət mərkəzi statusuna malikdir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilmişdir. 26 avqust – Laçın günü, azadlığın, bərpanın və gələcəyə olan inamın simvoludur.

Zakir Əliyev,
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button