
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfər edib. Prezidenti Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar. Daha sonra Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orbanın geniş tərkibdə görüşü olub. Görüşün ardından liderlər mətbuata bəyanatla çıxış ediblər. Viktor Orban deyib ki, Budapeştdə Macarıstanın köhnə dostunu görürlər: “Siyasi sahədə, enerji məsələsində nə zaman çətinliklə üzləşsək, Prezident İlham Əliyevi yanımızda görmüşük”. Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, biz dost və tərəfdaş ölkələr kimi fəaliyyət göstəririk. Dövlət başçısı qeyd edib ki, Türk Dövlətləri Təşkilatının qeyri-formal sammitinin keçirilməsi təşəbbüsünün müəllifi Azərbaycan olub: “Bu dəfə estafeti Macarıstan qəbul edir”. Prezident İlham Əliyev söyləyib ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir: “Biz dost ölkələrik, strateji tərəfdaşıq”. Dövlət başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib: “Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq.
Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik”. Ölkə rəhbəri qeyd edib ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir: “Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq”. Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə də danışıb: “İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”. Qeyd edək ki, Avropanın mərkəzində yerləşən, zəngin tarixi və milli kimliyi ilə seçilən Macarıstan bu gün Azərbaycanın etibarlı tərəfdaşı, səmimi dostu və strateji müttəfiqinə çevrilib. Qarabağ həqiqətlərinin Avropada tanıdılmasında açıq və prinsipial mövqe tutan Budapeşt, müxtəlif beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə mühüm diplomatik jestlər nümayiş etdirib. İndi bu siyasi həmrəylik dövlət başçılarının yüksək səviyyəli görüşləri fonunda yeni mərhələyə qədəm qoymaqdadır. Prezident İlham Əliyevin Macarıstana səfərə getməsi təkcə protokol səviyyəsində bir ziyarət deyil, həm də Azərbaycan-Macarıstan münasibətlərinin gələcək konturlarını müəyyənləşdirən strateji aktdır. Yeni sənədlərin imzalanması, əməkdaşlıq platformalarının genişləndirilməsi və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi mühüm nəticələr vəd edir.
Gülmira Ağayeva,
YAP Şuşa rayon təşkilatının fəal üzvü