Məğrur Laçınımız itkisiz işğaldan azad edilib

Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: “Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi – torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə”. Tarixin özü qədər qədim olan Azərbaycan zəngin təbii sərvətlərinə, əlverişli, coğrafi və strateji mövqeyinə görə əsrlər boyu yadelli qəsbkarların, imperialistlərin təcavüzünə məruz qalıb. Çoxəsrlik, dövlətçilik tarixinə sahib xalqımız minilliklər boyu müstəqilliyi, suverenliyi yolunda mübarizə aparıb. Uğrunda can verməyə hazır olduğumuz Vətən üçün əcdadlarımız sinəsini sipər edib, bu torpağın hər qarışında qanı ilə tarix yazıb.Laçın rayonunun işğaldan azad olunması tarixi bir hadisədir. Erməni vandalları işğal olunmuş digər rayonlarımızda olduğu kimi, Laçın rayonundakı bütün binaları, bağçaları, məktəb və xəstəxanaları dağıdıblar. Meşələr planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən işğaldan azad olunan ərazilərin meşə sahələrini 30 il ərzində qırıb, talayıb və yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük sahəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir.Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq şübhə yoxdur ki, Azərbaycan dövləti bütün rayonları, eləcə də gözəl və füsünkar Laçını tamamilə bərpa edərək, orada vətəndaşlarımızın normal həyatı üçün şərait yaradacaq.Bəli, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Dövlətimizin başçısı əmindir ki, Azərbaycan xalqı bu dövrdə də də birlik, həmrəylik göstərəcək, güclü iradə nümayiş etdirəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir.Düşmən yenildi. Məğrur Laçınımız itkisiz işğaldan azad edilib. Tariximizin ən şanlı, şərəfli günlərini yaşayırıq. Bu böyük xoşbəxtlikdir.
Fərmin Quliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi