AnalitikaGündəmSiyasət

Milli dövlətçilik ənənələrimizin yeni səhifəsi…

“Müstəqillik hər bir xalq üçün siyasi-tarixi və mənəvi dəyər hesab edilir. Hər bir xalq müstəqilliyini əldə etmək üçün mücadilə edir, qan tökür, can verir. Bu səbəbdən də müstəqillik vazkeçilməyəcək bir dəyərdir. Azərbaycan xalqı da müstəqilliyini qazanmaq üçün uzun yol qət edib, təlatümlərdən keçib, dünyadakı 5 min xalqın içərisində azadlığını qazanmış 200 xalqdan biri olub. Lakin Ümummilli Liderimiz Heydər Əliyevin sözlərilə desək, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək ondan da çətindir. Hər bir azərbaycanlı da şahiddir ki, dəfələrlə Azərbaycanın müstəqilliyinə qəsdlər olub, amma bu xain cəhdlər uğursuz olub. Buna görə də müstəqilliyimizi qorumaq, daha da gücləndirmək hər bir vətəndaşın mənəvi borcu, bir nömrəli vəzifəsi olmalıdır”.

Bunu “Obyektivxeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib: “1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Eləcə də xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb, Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunub. Ümumiyyətlə, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib”.

“1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib” –  deyən Ramil Vəlibəyov əlavə edib ki, 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bilib: “XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan məhz Ümummilli Liderimizin sayəsində suverenliyini qoruyub saxlamağı bacarıb. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Mürəkkəb bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı olub. Bu gün isə Ulu Öndərimizin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Hazırda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”.

Oxşar Xəbərlər

Back to top button