Milli-mənəvi dəyərlərin təbliğində Novruz bayramının rolu

Azərbaycan xalqının özünəməxsus adət-ənənələri ilə tanınan milli bayramlarından biri də Novruz bayramıdır. Demək olar ki, bu bayram təkcə onu keçirən xalqların deyil, eyni zamanda tolerantlığı, milli birlik və bərabərliyi, sülhü, soykökə bağlılığı, dostluq və yoldaşlığı təlqin və təbliğ edən mühüm bir vasitə kimi bəşəriyyətin ən ali mənəvi dəyərlərindən biri kimi qəbul olunur. Təsadüfi deyil ki, bu xüsusiyyətlər bayramı səciyyələndirən bir-birindən maraqlı folklor nümunələrində, milli atributlarda, dörd ünsürü xatırladan çərşənbələrdə, eləcə də təşkil olunan bayram şənliklərində özünü daha qabarıq göstərir.
Sevindirici haldır ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2009-cu il 28 sentyabr – 2 oktyabr tarixlərində keçirilmiş dördüncü sessiyası zamanı “Novruz” çoxmillətli nominasiya kimi, (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Şübhəsiz ki, bu hadisə də milli-mənəvi dəyərlərimizin təbliği və dünyaya tanıdılması istiqamətində mühüm rola malikdir.
Artıq 44 günlük Vətən müharibəsindən sonra biz bayramı 30 ilə yaxın bir müddətdə işğal altında qalan, düşmən tapdağında olan öz dədə-baba torpaqlarımızda qeyd edir, zəfər tonqalını alovlandırırıq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olarkən Cənab Prezidentin Novruz bayramı münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində bu məsələ xüsusi həssaslıq və qürurla bir daha diqqətə çatdırılmışdır: “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq. İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram!”
Qoy Ulu Tanrı Azərbaycan xalqını, türk dünyasını qorusun. Birliyimiz əbədi, yenilməz olsun!
Əsgərov Vahid,
Xəzər rayonu, 323 saylı tam orta məktəbin müəllimi