
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji təhlükəsizliyi və iqtisadi inkişafı baxımından əlamətdar hadisə olmaqla yanaşı, tarixi və strateji əhəmiyyət daşıyan mühüm nailiyyətdir. Bu möhtəşəm enerji layihəsi Azərbaycanın müstəqillik yolunda qazandığı Zəfərlə səsləşir və 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin rəmzi olaraq öz adına “8 Noyabr” tarixini daşıyır. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bu hadisəni ölkənin enerji sahəsində tarixi dönüş nöqtəsi kimi dəyərləndirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, bu stansiyanın inşası Azərbaycanın gücünü, potensialını, eyni zamanda energetiklərimizin peşəkarlığını nümayiş etdirir.
1880 meqavat gücə malik “8 Noyabr” Elektrik Stansiyası hazırda Azərbaycanın ən böyük elektrik stansiyasıdır. Onun yaradılması ilə enerji sisteminin səmərəliliyi əhəmiyyətli dərəcədə artır, ölkənin generasiya gücü genişlənir və Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyi daha da möhkəmlənir. Hazırda Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu məhz bu şəhərdə istehsal olunur. Bu nəticə ötən əsrin 70-ci illərindən başlayan enerji strategiyasının davamı, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin təntənəsidir. Məhz Onun təşəbbüsü ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuş və 1981-ci ildə ilk blok istismara verilmişdi. Ulu Öndərin rəhbərliyi ilə formalaşan bu energetika bazası bu gün də inkişafın təməlində dayanır.
Prezident İlham Əliyev bildirib ki, son 20 il ərzində Azərbaycanda enerji sistemi demək olar ki, sıfırdan yenidən qurulmuşdur. Müasir tələblərə cavab verən enerji obyektləri təkcə paytaxtda deyil, regionlarda da inşa edilmişdir.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri