AnalitikaGündəm

Müasir siyasi tariximizin dönüş nöqtəsi

1992-ci il 21 noyabr Azərbaycan siyasi tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Həmin gün keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransı ölkədə dərin siyasi böhran, iqtisadi tənəzzül və idarəetmədə xaosun hökm sürdüyü bir dövrün məhsulu olaraq meydana gəldi. Bu konfrans təkcə yeni bir partiyanın yaranması deyil, həm də ölkənin gələcək siyasi kursunun müəyyənləşməsi baxımından fundamental dönüş nöqtəsi oldu.1992-ci ildə Azərbaycan müstəqilliyinin ilk illərində ciddi çətinliklərlə üz-üzə idi. Bir tərəfdən Ermənistan–Azərbaycan münaqişəsinin ağır nəticələri, digər tərəfdən idarəçilikdə səriştəsizlik ölkədə narazılığı artırırdı. Hakimiyyət daxilində parçalanma və siyasi qeyri-stabillik cəmiyyətdə böyük narahatlıq yaradırdı. Belə bir şəraitdə ölkənin müxtəlif bölgələrindən olan ziyalılar, ictimai-siyasi xadimlər vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün çıxış yolları axtarır, milli dövlətçiliyin qorunması naminə yeni siyasi təşkilatlanmanın zəruri olduğunu düşünürdülər.Məhz bu zərurətdən doğan “91-lər” hərəkatı YAP-ın yaranmasının ideya əsasını təşkil etdi.

Həmin ziyalılar ölkədə siyasi müdrikliyə, səriştəli dövlət idarəçiliyinə ehtiyac olduğunu bildirərək Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasını zəruri hesab edirdilər. Onların Azərbaycan xalqına müraciəti geniş rəğbətlə qarşılandı və qısa müddətdə böyük ictimai-siyasi dəstək topladı. Bu dəstəyin nəticəsi kimi 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.Təsis konfransı Naxçıvan şəhərində baş tutdu və ölkənin müxtəlif bölgələrindən gələn nümayəndələri bir araya topladı. Konfrans zamanı partiyanın nizamnaməsi və proqram sənədləri qəbul olundu, təşkilatın əsas ideoloji istiqamətləri müəyyənləşdirildi. YAP öz fəaliyyətini demokratiya, hüquq dövləti, sosial ədalət, azərbaycançılıq ideyaları üzərində quracağını bəyan etdi. Partiyanın sədrliyinə Heydər Əliyev seçildi. Bu qərar həm konfrans iştirakçıları, həm də geniş ictimaiyyət tərəfindən böyük ümid və inamla qarşılandı.

YAP-ın təsis konfransı Azərbaycan cəmiyyətində yaranmış siyasi boşluğun doldurulması baxımından əlamətdar hadisə oldu. Partiya qısa müddətdə geniş xalq kütlələrinin etimadını qazanaraq ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Heydər Əliyevin siyasi təcrübəsi, dövlətçilik prinsiplərinə sadiqliyi və uzaqgörənliyi partiyanın fəaliyyətinə yeni dinamika verdi, ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi.1993-cü ildə Azərbaycan ağır böhran qarşısında qalanda xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı və YAP-ın siyasi arenada aparıcı qüvvə kimi rolu təsis konfransının nə qədər mühüm addım olduğunu bir daha təsdiqlədi. Sonrakı illərdə partiya ölkənin sabitliyinin bərqərar olunması, iqtisadi islahatların aparılması, beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyinin möhkəmlənməsi istiqamətində böyük nailiyyətlər əldə etdi.Bu gün YAP-ın təsis konfransının keçirildiyi 21 noyabr tarixi yalnız bir siyasi təşkilatın yaranma günü kimi deyil, həm də müasir Azərbaycanın dövlətçilik yolunda başlanğıc nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə Azərbaycanın müstəqil, güclü və sabit dövlət kimi formalaşmasında xüsusi rol oynayıb və milli siyasi yaddaşımızda mühüm yer tutur.

Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button